31 ildən sonra tapıldı

Füzulidə itkin düşmüş Quliyevlər ailəsinin bir üzvünün cəsədi aşkarlandı

Ailənin digər üzvləri bəlkə də sağdırlar, erməni tərəfi əsir və girovlar haqqında məlumatları hələ də gizlədir

  Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin tapılması üçün kütləvi məzarlıqlarda aşkarlanmış naməlum cəsəd qalıqlarının müayinəsini davam etdirir. Dövlət Komissiyasının İşçi qrupu 1993-cü ilin avqustunda Füzuli rayonunun Horadiz qəsəbəsi ərazisində itkin düşmüş Quliyevlər ailəsinin bir üzvünün tapıldığını bildirib. Qeyd edilir ki, həmin vaxt Cəbrayılın Niyazqullar kəndindən olan Mehdiqulu Quliyev həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə (bir ailənin 5 üzvü) itkin düşüb. Füzuli rayonunun Balabəhmənli kənd qəbiristanlığında tapılan naməlum cəsəd qalıqlarından birinin Mehdiqulu Mədət oğlu Quliyevə məxsus olduğu müəyyənləşib. Qohumları bildirib ki, Mehdiqulunun valideynləri dünyadan köçənə qədər övladlarının və nəvələrinin sağ olduğuna, bir gün evə qayıdacaqlarına çox inanırdılar. Amma ölənə kimi gözləri yol çəkən yaşlı valideynlər dünən açıqlanan xəbərdən agah ola bilmədilər. Cəsəd qalıqları tapılan 1958-ci il təvəllüdlü Mehdiqulu Quliyev itkin düşərkən 35 yaşında olub. Ailə başçısının nəşi 31 ildən sonra tapılıb. Quliyevlər ailəsinin itkin düşən digər 4 üzvünün taleyi isə hələ ki naməlum olaraq qalır.
  Baş vermiş hadisə ilə bağlı “Sherg.az"a danışan şuşalı həmkarımız, yazıçı-publisist Kərim Kərimli qeyd etdi ki, Füzuli rayonunun Balabəhmənli kəndi işğal altında olub:
" 1993-cü ilin dekabr, 1994-cü ilin yanvar-fevral aylarında Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı Füzulinin 22 kəndi və Horadiz qəsəbəsi erməni işğalından azad edildi. Həmin kənd qəbiristanlığı erməni separatçılarının işğalı altında olub deyə, əsir və ya girov götürülmüş azərbaycanlıların nəşinin həmin ərazidə tapılması təbiidir. Horadizin polis rəisi olmuş mərhum Telman Qasımov (Allah rəhmət eləsin) mənə bir əhvalat danışmışdı. Çox güman ki, indi cəsəd qalıqları tapılmış şəxs Telman müəllimin mənə danışdığı həmin əhvalat zamanı öldürülən şəxsdir. Telman müəllim danışırdı ki, ermənilər əsir götürdükləri bir ailənin başçısını öldürüblər. Separatçılar yolda onu danışdırıb, suallar veriblər, bu şəxsin cavabları xoşlarına gəlməyib və onu güllələyilbər. Ailənin digər üzvlərindən isə xəbər yoxdur. Mümkündür ki, bu şəxs tək olub deyə, onu elə həmin qəbiristanlıqda dəfn ediblər. Bir neçə nəfər qətlə yetiriləndə kütləvi məzarlıq qazırlar, öldürdükləri insanların cəsədlərini ora basdırırlar. Amma bu ailə fərdi şəkildə əsir götürülüb. Biz bilmirik, hadisə dəqiq necə olub. Bəlkə də bütün ehtimalları alt-üst edəcək bir vəziyyət yaranıb. Müharibə elə bir dəhşətdir ki, insanın ağlına gəlməyən, adamın ətini ürpərdən hadisələr baş verə bilir".
  K.Kərimli bildirdi ki, ailənin digər üzvləri bəlkə də sağdırlar, harada saxlanılırlar:  "Erməni tərəfi əsir və girovlar haqqında məlumatları hələ də gizlədir. Ümid edək ki, sağdırlar, azad ediləcəklər, qaytarılacaqlar. Amma ailənin digər üzvləri öldürülübsə, yenə də ümid edək ki, onların da cəsədləri haradasa tapılacaq, üzə çıxarılacaq. Və lazımi şəkildə dəfn ediləcək".