Ekoloq: Sabahdan etibarən tozlanmanın səviyyəsi...

Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir", - o deyib.
Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.

Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirib ki, tozlu hava şəraiti bir qədər bizə təəccüblü gəlsədə adi atmosfer şəraitidir:

“Bakı şəhərində tozlu hava şəraiti il ərzində ən azı 3-4 dəfə baş verir. İndiki tozlanmanın əsas mənbəyi İranın şimalında və Türkmənistan ərazisində Qaraqum səhrasında baş verən toz fırtınalarıdır. Onlar Xəzər dənizi üzərindən keçərək Bakıya, Abşeron yarımadasına və Azərbaycanın şərq hissəsinə yayılıblar. Bu tozlanma daha böyük əraziləri əhatə edir. Sabahdan etibarən tozlanmanın səviyyəsi tədricən aşağı düşəcək və atmosfer normal halına qayıdacaq. İnsanlara məsləhət görürəm ki, özlərini qorusunlar, belə havada çöl şəraitində hər hansı idman hərəkətlərinə yol verməsinlər. Belə hallarda tibbi maskadan istifadə etmək, evləri təmiz saxlamaq gərəklidir. Həmçinin çalışmaq lazımdır ki, pəcərələr bağlı qalsın və evin havası kondisioner və ya xüsusi hava dəyişdiriciləri vasitəsilə dəyişdirilsin. Bir neçə gün sonra tozlanma azaldıqdan sonra normal olaraq öz işlərinə davam edə bilərlər.”