Köhnə avtomobillərin utilizasiyasına başlanılıb: Hər il 10 manat artıq rüsum alınacaq

“Avtomobillərin gələcəkdə, məsələn, 10 illik bir müddət ərzində satın alınması, yaxud, silinməsi, istifadədən çıxarılması proqramı olacaq”

Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Bunu Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir: “Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.
Qeyd edək ki, taksi xidmətində istifadədə olan avtomobillərlə bağlı yeni qaydalarən tətbiqi ilə sürücülərin narahatlığı onsuz da artmışdı. İndi isə sürücüılər iddia edir ki, polislər təkcə taksi xidmətində istifadə olunan avtomobilləri deyil, şəxsi avtomobilləri də saxlayaraq istehsal ili ilə maraqlanır, köhnə avtomobillərdən istifadəyə icazə olmadığını bildirirlər. Utilizasiya ümumiyyətlə bütün köhnə avtomobillərəmi şamil ediləcək, yoxsa qırıq-sökük, qəzaya uğrayıb “maşın qəbirstanlığı”nda qalaq-qalaq, üst-üstə yığılıb qalan avtomobillərə? 

Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, utilizasiya bütün növ köhnə avtomobillərə aiddir: 

- İstər istehsal ili köhnə amma istifadədə olan, istərsə də istifadə olunmayan avtomobillər, əgər ili köhnədirsə utilizasiyaya yararlı hesab ediləcək. Burada diqqət çəkən məqam var. Bu cür məsələlərdə adətən xarici təcrübəyə istinad edilir. Xaric ölkələrdə bu məsələ belə həll edilir; istehsalçı zavod avtomobili geri alır, əvəzində yenisini təklif edir. Bu iş dövlət hesabına da icra oluna bilər, fərdu qaydada da.  Azərbaycanda utilizasiya prosesi qəbul olunmuş qaydalar çərçivəsində həyata keçiriləcək. Avtomobilin texniki parametrlərinə görə hər il 10 manat artıq rüsum alınacaq. Bu, avtomobilin utilizasiya haqqıdır. Avtomobillərin gələcəkdə, məsələn, 10 illik bir müddət ərzində satın alınması, yaxud, silinməsi, istifadədən çıxarılması proqramı olacaq.  Ola bilər ki avtomobilə hansısa element, hansısa hissə  əlavə olunsun, parametrləri dəyişsin. Avtomobillərin istehsal tarixi illərə bölünəcək. Deyək ki 1990-cı ilədək istehsal olunmuşlar, 1990-dan sonra, 2000-ci ildən, 2010-cu ildən sonra istehsal olunanlar, və sair. Kateqoriyalara ayrılacaqlar və tam yararsız, müəyyən qədər yararsız,  müəyyən qədər istifadəyə yararlı avtomobillər hissə- hissə utlizasiya ediləcək. 
Hüquqşünas Ərşad Hüseynov isə “Bakupost”a açıqlamasında utilizasiya prosesində ilkin olaraq istismara yararsız, müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılmasının nəzərdə tutulduğunu deyib: ““Əsas hədəf budur. Amma utilizasiya könüllü bir prosesdir. Yəni kiminsə avtomobilini əlindən almaq kimi bir hədəfi yoxdur. Utilizasiya prosesi elə bir işdir ki, burda onu tamamlayacaq, şərtləndirəcək xeyli işlər var və onlardan biri ictimai nəqliyyatın inkişafıdır. Ölkəmizdə ictimai nəqliyyat daha sürətlə inkişaf eləsə, komfort və digər kriteriyalarla bağlı məsələlər qaydasında olsa, bu proses daha uğurlu olacaq. Əgər ictimai nəqliyyat yerində saysa, hətta bir az geriyə getsə, insanlar məcbur olacaq ki, əllərində nə varsa, onda istifadəyə davam etsinlər. Yəni, o halda utilizasiya prosesi uğurlu olmayacaq”.