ABŞ Azərbaycan-Ermənistan-Türkiyə marşrutuna üstünlük verir
"ABŞ Azərbaycan və Ermənistan arasında sülhə önəm verdiyini təsdiqləyir. Vaşinqton inanır ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanarsa, İrəvan Gümrüdəki rus hərbi bazasını çıxaracaq". Bu barədə politoloq Turab Rzayev deyib. Analitik bildirib ki, ABŞ istəyir ki, Rusiya Ermənistana, Cənubi Qafqaza nəzarəti tamamilə itirsin:
"Ermənistan-Azərbaycan arasında sülh Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan və Ermənistan üzərindən Türkiyəni Mərkəzi Asiya ilə bağlayan infrastruktur inşa edilsin. Mərkəzi Asiya ölkələrinin Çin və Rusiyanın iqtisadi asılılığından qurtulmasının yeganə yolu Azərbaycandır. Belə demək mümkündürsə, Azərbaycan "enerji butulkasının tıxacı" rolunu oynayır. Azərbaycan olmadan Mərkəzi Asiyanın enerji resurslarını, neft və qazını hansısa şəkildə ondan istifadə etmək mümkün deyil. Son dönəmlər Mərkəzi Asiya regionuna artan marağı görürük. Həm Avropa ölkələri, həm də ABŞ (5+1) formatında Mərkəzi Asiya ölkələri ilə görüşlər keçirirlər. Çalışırlar ki, Mərkəzi Asiyanın enerji resursları Azərbaycan üzərindən, yəni Orta dəhliz vasitəsilə Qərbə ixrac olunsun. Bunun üçün əlbəttə ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsas şərtlərdəndir". Ekspert vurğulayıb ki, Gürcüstandan keçən yol daha uzun və təhlükəlidir: "Gürcüstandan keçən yol istənilən anda Rusiyanın təzyiqinə məruz qala, təsir altına düşə bilər. Ona görə də ABŞ Azərbaycan-Ermənistan-Türkiyə marşrutuna üstünlük verir. Ağ Evin İrəvana təzyiq göstərməsi, Bakını sülhə həvəsləndirməsi də bununla bağlıdır".