Tanınmış jurnalistin anası haqq dünyasına qovuşub

Tanınmış jurnalist, dostumuz Asəf Quliyevin anası Tahirə xanım haqq dünyasına qovuşub. 

"Şərq" qəzetinin kollektivi Tahirə xanıma Allahdan rəhmət diləyir, həmkarımız A.Quliyevə dərin hüzünlə başsağlığı verir.    

Jurnalist həmkarımız Ramilə Qurbanlı Tahirə müəllimə ilə bağlı maraqlı xatirəsini bölüşüb. Həmin qeydləri təqdim edirik:
 
 - Yaxşı ki, Ağdamın azad olunduğunu bildi, amma ora qayıtmaq ona qismət olmadı. Asəfin anası Tahirə xalanı deyirəm. Uzun müddət idi yatırdı. Asəflə Kəmalə ona lazımınca qulluq etdilər. Bir anadan əfzəl, həm də müəllim idi Tahirə xala, neçə-neçə gənc nəslin, elə Asəfin özünün də müəllimi olmuşdu. 
"7 Gün"də işləyirdik, bir dəfə Asəf möhkəm xəstələnmişdi. Kəmalə ilə getdik evlərinə onun yanına. Bloka çatanda Kəmalə utanıb yuxarı çıxa bilmədi, qaldı blokda, mənə dedi ki, sən çıx Asəfdən xəbər tut gəl. Mən evə çıxdım, Asəf məsələni anlayıb,  məni anasının yanında qoyub qaçdı aşağı. Bilmirəm nə qədər onlar aşağıda söhbətləşdi, mən Tahirə xala ilə qulaq yoldaşı oldum, onu bilirəm ki, Tahirə xalanın süfrəyə süzüb boynumun kökündə durub yedirtdikləri üç gün mənə bəs elədi.  
Novruzda qovurduğu qovurğanın misli yox idi. Neçə dəfə mənim də qovurğa payımı göndərmişdi...
Asəf, Kəmalə,  Tahirə müəllimə Allah rəhmət eləsin, yeri cənnət olsun!  

QEYD:

Məclis avqustun 9-u saat 12:00-da "Furqan" Mərasim Zalında təşkil olunacaq. (Bakı, Yasamal r-nu, Şəfayət Mehdiyev küçəsi, "Chirag Plaza"nın qarşısı)