Ukrayna ordusunun bölgəyə soxulmasından sonra Kursk vilayətində başlayan döyüşlər nəticəsində azı 3 dinc sakin həlak olub. Bunu vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyib.
O bildirib ki, beşi uşaq olmaqla, daha 13 nəfər yaralanıb.
“Pepel” nəşri isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çağırışçılar da daxil olmaqla, azı 6 rusiyalı hərbçini əsir götürüb. Bu məlumatı Ukrayna hərbçiləri tərəfindən internetdə yerləşdirilən əsirləri əks etdirən videolar da təsdiq edir.
Qeyd edək ki, Ukrayna mediası Kurska Rusiyanın Azadlığı Legionunun hücum etdiyini bildirmişdi.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sultan Zahidov bildirib ki, hazırda Rusiya və Ukrayna sərhəddində Kursk vilayətində intensiv döyüşlər gedir:
"Ukraynanın Silahlı Qüvvələri və azad Ukrayna ordusunun hərbçiləri Rusiyanın Kursk əyalətinə daxil olublar. Bundan əlavə Kursk əyalətinin şəhər və qəsəbələri Ukrayna tərəfindən arteriya, dronlarlarla hücuma məruz qalıb. Rusiya isə ehtiyyat qüvvələrini Kursk vilayətinə cəlb etməli olub. Burada Ukraynanın əsas məqsədi Rusiyanın cəbhə bölgəsindəki hərbçilərinin diqqətini fərqli tərəfə yönəltməklə status-kvonu leyinə dəyişməkdir. Ukrayna çalışır ki, Rusiya qüvvələrinin bir hissəsini Kurska göndərsin və digər yerlərdə mövqeylər zəifləsin. Amma Rusiyanın kifayət qədər canlı qüvvəsi mövcuddur. Bu isə Ukraynanın Kursk əyalətində ciddi nailiyyət əldə etmə ehtimalını şübhə altına alır”.
Ekspert eyni zamanda qeyd edib ki, qarşıdan Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri gəlir:
“Hər iki tərəf seçkilərdən öncə son kozlarını paylaşaraq mümkün danışıqlar masasında üstünlük əldə etməyə çalışır. Çünki Donald Trumpın prezident olacağı təqdirdə Ukrayna və Rusiya savaşını həll edəcəyi ilə bağlı vədi var. Qeyd edək ki, 2023-cü ildə Ukraynanın əks-hücumu ciddi şəkildə uğur qazanmadı. Hətta daha sonra Rusiya bir neçə istiqamətdə irəliləyiş həyata keçirdi. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verdi ki, Rusiya qoşunları 400 kvadrat kilometrdən çox ərazini iyun ayından etibarən ələ keçirib. Bu da cəbhədəki vəziyyətin Ukrayna lehinə olmadığını göstərir. İndiki halda Ukraynanın genişmiqyaslı hücum həyata keçirməsi və Rusiyadan ərazi alması çətindir".