Baxa bilmirdinsə, niyə dünyaya uşaq gətirirsən axı..?  - SOSİOLOQ 

Bu cür fikrə düşən insanlar onları  öncədən nə gözlədiyini bilməlidir

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

"Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır", - məlumatda vurğulanıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, sağlamlıq vəziyyəti qaydasında olan insan belə elan verməz:

“Yəni qanunu, hüquqları, nəyin cinayət olub-olmadığını qavrayan insan bu cür hərəkət etməz. Sağlamlıq vəziyyəti qaydasında olan insan başa düşür ki, hər şey nəzarət altındadır, yoxlanılır və bütün sosial şəbəkələr bu cür vəziyyətlərə qarşı filtr proqramlar ilə təmin olunur. Belə bir hadisə baş verərsə, anında məsuliyyətə cəlb ediləcək. Mən başa düşdüm ki, uşağını satmağa cəhd edən insanın şüuru qaydasında olmayıb. Anında reaksiya verdiyinə görə hüquq mühafizə orqanlarına və dövlət komitəsinə təşəkkür düşür. Çünki belə vəziyyətlərə qarşı daim nəzarət tətbiq edirlər. Həmin insanı bu hərəkətə nə vadar edib, niyə bu addımı atıb, psixologiyası qaydasındadırmı, sağlamlıq vəziyyətinin hansı yerdə olduğu araşdırılaraq nəticələr barədə ictimaiyyətə məlumat verilməlidir. Bu cür fikrə düşən insanlar onları  nə gözlədiyini bilməlidir. Övladına baxa bilmirdinsə, niyə dünyaya gətirirsən axı. Əgər dünyaya gətirib baxa bilmirsənsə, o zaman dövlətin himayəsinə ver. Əslində baxa bilməyib satmaq, gəlir əldə etmək məqsədilə atılmış addımdır. Baxa bilməyib dövlətin himayəsinə vermək dövlət tərəfindən müsbət addım kimi qiymətləndirilər. Bu cür vəziyyətlərdə ana və atanın uşaqdan ayrılmaması üçün dövlət əlindən gələn köməyi edir”.