Vaşinqton Türkiyəyə xəbərdarlıq edib ki, əgər ölkə Rusiyaya Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət kəsb edən ABŞ-a aid hərbi texnikanın ixracını məhdudlaşdırmasa, bunun Türkiyə üçün nəticələri olacaq.
Bu barədə "Financial Times" yazıb.
Xəbərə görə, ABŞ-ın ticarət katibinin köməkçisi Metyu Akselrod qeyri-qanuni ticarəti dayandırmaq səyləri çərçivəsində bu yaxınlarda Ankara və İstanbulda hökumət rəsmiləri ilə görüşüb. Ticarət departamentinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, onun mesajı ondan ibarət olub ki, Türkiyə Amerika mənşəli çiplər və Moskvanın Ukraynadakı müharibəsində əsas rol oynayan digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır.
"Türkiyə bizə ABŞ texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməsi üçün lazımdır. Türkiyə səlahiyyətliləri və sənayesi tərəfindən sürətli irəliləyiş görməliyik, əks halda ixrac nəzarətimizdən yayınanlara qarşı nəticələr tətbiq etməkdən başqa çarəmiz qalmayacaq", o, "Financial Times"ə açıqlamasında deyib.
ABŞ-nin Türkiyəyə növbəti təhdidini “Sherg.az”a dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay söyləyib ki, Rusiya-Ukrayna böhranı bölgədə genişmiqyaslı müharibə gözləntisini daim gündəmdə saxlayır:
“Xüsusən də oktyabrın 7-də İran və Rusiyanın göstərişi ilə HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi hücum, bundan sonra baş verənlər, İran prezidentinin və HƏMAS lideri Haniyənin öldürülməsi müharibə gözləntilərini artırır. Amerika xüsusilə Rusiyanı bu müharibə tənliyindən kənarda saxlamaq və onu silah, döyüş materialları ilə təmin etməməmək üçün ciddi təzyiqlər göstərir. Amerika Türkiyə tərəfindən Rusiyanın çoxlu material əldə etdiyi fikrini irəli sürsə də, Türkiyə Ukrayna və Rusiyanın silah tədarükü tələblərinə eyni dərəcədə cavab verir. Türkiyə Rusiya-NATO münasibətlərində açıq şəkildə Alyansın tərəfindədir. Amma eyni zamanda Qara dənizdəki qonşuluq münasibətinə görə Rusiyanın prioritetlərini də nəzərə alır. Türkiyənin İran-İsrail gərginliyinə münasibəti incə bir tarazlıq üzərindədir. Bir tərəfdən İranı qorumağa çalışır, digər tərəfdən də İranın İsrailə hücumunun qarşısını almağa və bölgədə sülhü sınaqdan keçirməyə səy göstərir”.
Analitik vurğulayıb ki, Türkiyə İsrail-Həmas-Hizbullah rəqabəti və münasibətində öz prioritetləri ilə İranın regional prioritetlərini müqayisə etdikdə, Yaxın Şərqdə birinciliyinə uyğun bir siyasət təyin etməyin zamanı gəldiyini görür:
“Qarşıdakı dövrdə Türkiyə daha balanslı və əlverişli nəticələr verəcək tarazlaşdırılmış siyasət həyata keçirməlidir. Amerika ilə Türkiyənin fikir ayrılığına səbəb olacaq heç bir məsələ yoxdur. Ona görə də bu kontekstdə Amerikanın Türkiyəyə deyəcək sözü də olmamalıdır. Eynilə İsrail Türkiyənin HƏMAS-a verdiyi dəstəyi əsas götürərək PYD və PKK-nı dəstəkləsə də, bunlar diplomatiya yolu ilə həll oluna bilən problemlərdir”.