Torpaq sahələrinin qiymətlərində isə artım müşahidə olunur
“Ölkənin tikinti bazarında bahalaşma müşahidə olunur. Tikinti materiallarının qiyməti qalxıb. Buna səbəb dizel yanacağının bahalaşmasıdır. Çünki dizel yanacağı daşınmada mühüm rol oynayır. Onun bahalaşması bütün tikinti materiallarının qiymətinə öz təsirini göstərir. Tikinti və inşaat sektorunda qiymətlərin artması tədricən evlərin, mənzillərin və obyektlərin qiymətinə də təsir edəcək”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, tikinti materiallarının xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir:
“Əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə "Sherg.az"a bildirib ki, tikinti materiallarının qiymətində 30 faiz artım yoxdur:
“Cuzi miqdarda artım var. Bu artımın səbəbi isə tələbatla bağlıdır. Yəni yay aylarında həm fərdi həyət evlərində, həm də çoxmənzilli yaşayış binalarında tikinti işləri aparılır. İnşaat materiallarının ölkəyə idxalında azalma müşahidə edildikdə onların satış qiymətinə də öz təsirini göstərir. Ancaq daşınmaz əmlakın satış qiymətinə təsir edən əsas amillərdən biri torpaq sahələrinin qiymətlərində artımın olmasıdır. Bu gün fərdi yaşayış evinin tikintisinin hər kvadrat metirinin xərci ortalama 400-500 manat arası dəyişir. Ancaq qiymətlər maksimum 10 faiz qalxanda isə hər kvadrat metrdə 40-50 manat fərq yaranır. Torpaq sahələrinin qiyməti artanda isə mənzil bazarında satış qiymətləri artır. Ümumiyyətlə, inşaat materiallarının bahalaşması tikinti xərclərini artırlr, buna görə də mənzillərin satış qiymətləri də artırır”.