Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib.
Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.
Məsələni dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, bu kimi hallar yolverilməzdir:
“İctimai yerlərdə davranış qaydaları qanunvericilikdə müəyyən edilib. Həm vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün, həm də vətəndaş olaraq bu qanunlara hörmət edilməlidir. Ölkəmizin insanları bilməlidir ki, qanunsuzluq etmək istəyən və edən şəxslər üçün məsuliyyət nəzərdə tutulub. Kənarda olan yaşlı, uşaq və digər şəxslər bilmir ki, zərər törətmək istəyənin əlində olan oyuncaqdır yoxsa həqiqi silahdır. Bu kimi hadisələr qıraqdakı insanların narazılığına və qorxusuna səbəb olur. Ona görə də belə hərəkət edən şəxsləri insanlar qınamalı və törətdiyi əməldən yayındırmalıdırlar. Valideynlər də evdə uşaqlarına ağıllı hərəkət edəcək dərəcədə tərbiyə verməlidir ki, belə hadisə törətməsinlər. Şükr edək ki, bu cür hərəkətlər bizim ölkəmizdə geniş vüsət almayıb. Belə hadisələrin sosial şəbəkələrdə təbliği digər şəxsləri də bunu etməyə sövq edir”.