Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır.
Bunu “Azadlıq” radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
“Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək”, – o bildirib.
“Biz əmin olmaq istəyirik ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir”, – E.Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini həll etməyə razılaşıb.
“Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”, – o qeyd edib.
Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Erm'nistanda konstitusiya və müstəqillik haqqında bəyannamənin tərkibinə dəyişiklik etmək haqqında Azərbaycanın tələbini həm qəbul edən, həm də dərk edən qüvvələr və siyasilər mövcuddur:
“Burada yaddan çıxarmaq olmaz ki, Nikol Paşinyan bu haqda bir neçə dəfə imperativlərini səsləndirib. Nikol Paşinyan deyib ki, bizim qarşıda duran məsələlərimiz çoxdur və onlardan biri də konstitusiyamıza, qanunvericilik aktımıza düzəlişlərin edilməsidir. Yəni Nikol Paşinyan bu ruhda artıq demək olar ki, dolayısıyla Azərbaycanın tələbinə dəstək vermiş olub. Heç bir dövlət istəməz ki, onun ərazi bütövlüyü kiminsə tərəfindən şübhə altında olsun. Əgər söhbət sazişlərdən, danışıqlarda olan nəticələrdən gedirsə, bu problemlər həllini tapmalıdır. Sülh sazişi əgər bu gün bağlanırsa, o artıq gələcəyi özündə əhatə edir. Burada hər bir tərəf çalışır ki, özünü həm sığortalasın, həm də sülh prosesini, risklərdən etibarlı tərzdə qorusun. O cümlədən Azərbaycanın istəyi və tələbi də haqlıdır. Biz açıq aşkar görürdük ki, ermənilər tək Qarabağ deyil, hətta Naxçıvanı, Gəncəni, digər ərazilərimizə də göz tikərək onların haqqında söhbətlər aparırdılar. Əlbəttə ki, bunların hamısını göz ardına vura bilmərik. Xatırladım ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hərbi məktəbin müdavimləri ilə görüşdə "biz üzərimizə düşən məsələlərin həllini tapdıq, onları təmin etdik, yəni Qarabağı aldıq" ifadəsini işlətmişdi. Hələ bu işğal dövrünə təsadüf eləyən bir hadisə idi. O eyham vururdu ki, Azərbaycanın digər ərazilərini də işğal etməliyik və gələcəkdə özümüzə bağlamalıyıq. Bunların hamısı Azərbaycan dövlətinin rəhbəri, Prezident İlham Əliyevin də diqqətində olan bir məsələ idi. Təsadüfi deyil ki, biz indi məsələni çox kəskin tərzdə qoymuşuq”.
Ekspert söyləyib ki, Sülhü şərtləndirən məsələ qarşılıqlı etimad mühitinin formalaşmasından ibarətdir:
“Bu etimad mühitini qurmaq üçün bütün addımlar düzgün hesablanmalı və heç bir tərəfə problem törətmədən həllini tapmalıdır. Azərbaycan Ermənistandan fərqli olaraq şıltaqlıqla məşğul deyil. Sadəcə, Azərbaycan istəyir ki, bu, uzun sürən qarşıdurma və müharibələrə son qoyulsun. Çünki xalqlar, cəmiyyətlər müharibələrdən, toqquşma və təxribatlardan yorulub. Burada Ermənistanın payına çox böyük bir məsuliyyət, eləcə də borc düşür. Azərbaycan proseslərdə həmişə şəffaf, açıq siyasət aparıb. Azərbaycan ermənilərə bildirib ki, gəlin biri-birimizin üzünə dik baxa-baxa, vasitəçi olmadan problemlərin həllini tapaq. Çünki vasitəçilər gəldikdə öz maraqlarını düşünürlər. Ermənistanda istər referendum istərsə də, parlamentdə xüsusi müzakirələr yolu ilə konstitusiyada dəyişikliklər haqqında qərar qəbul etməlidir. Prosesi süründürən, onu əngəlləyən Ermənistan və onun arxasında duran qüvvələrdir. Və biz bir daha görürük ki, Amerika Birləşmiş Ştatları, Fransa, eləcə də Avropa İttifaqının da çox destruktiv bir izləri özünü büruzə verir. Ermənistan anlamalıdır ki, Qərbə bel bağlamadan Azərbaycanla sazişə getməlidir. Çünki şəffaf və mərdi-mərdanə yanaşma Ermənistana çox böyük dividendlər gətirəcək. Avropa, Amerika Ermənistana nə qədər vəd versə də, onlar heç vaxt Ermənistanın real ehtiyaclarını ödəməyəcəklər. Onlar çalışacaqlar öz problemlərini həll etsinlər.Amerika Birləşmiş Ştatları, Fransa, Avropa İttifaqının burada maraqları var və onlar sadəcə Ermənistandan vasitə kimi istifadə edirlər. Yəni onu özlərinin bir növ ötürücü vasitəsinə çeviriblər”.