“META” Ankaranın şərtlərini qəbul etməlidir

Türkiyədə “İnstaqram”ın bloklanması heç də təsadüfi deyil

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu instaqram rəsmiləri ilə görüş keçirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Mövzu ilə bağlı X hesabında paylaşım edən Uraloğlu bildirib ki, şərtlər nəzərə alınarsa, qadağa aradan qaldırılacaq: “Keçən həftə kataloq cinayətləri çərçivəsində girişini blokladığımız instaqram sosial media platformasının rəsmiləri ilə görüş keçirilib. Görüşdə Türkiyə Cümhuriyyətinin qanunlarına riayət olunması ilə bağlı həssaslığımızı bildirdik. Bu gün günorta onlarla yenidən görüşəcəyik. Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazımi addımları atacaqlar. Müsbət irəliləyişin olacağını gözləyirik”.
Qeyd edək ki, Türkiyədə avqustun 2-si instaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, instaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.
  Rəsmi qərarın nə qədər müddəti əhatə edəcəyi bəlli deyil. Yüzlərlə "İnstaqram" blogeri hazırda çıxılmaz vəziyyətdə etiraz edirlər.
Sosial şəbəkənin bloklanması qərarını Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi verib. Bu addımın əsas səbəbi kimi Türkiyə Cinayət Məcəlləsinin 135-ci maddəsində göstərilən bir sıra cinayətlərlə bağlı risklərə məhəl qoyulmaması göstərilib.
İdarə həmin risklərin sırasında soyqırımı və insanlıq əleyhinə cinayətləri, Atatürkün xatirəsinin təhqir olunmasını, qəsdən adamöldürməni, azyaşlılara qarşı seksual zorakılığı, oğurluq və qarət hallarını, işgəncələri qeyd edib.
  Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi bundan əvvəl bəyan etmişdi ki, sosial şəbəkəyə girişin bərpası instaqram rəhbərliyinin öz mövqeyini yenidən nəzərdən keçirməsindən asılıdır.
Lakin digər mənbələrdə əsas səbəbin HƏMAS lideri ilə bağlı paylaşımları Metanın əngəlləməsi olduğu iddia olunur.
 Belə ki, Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun dünən “İnstaqram”da HƏMAS lideri Haniyənin ölümü ilə bağlı başsağlığı mesajı paylaşmış, sosial şəbəkə isə həmin postu silmişdi.
  Azxəbər.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin “Sherg.az"a açıqlamasına görə, Türkiyədə “İnstaqram”ın bloklanması heç də təsadüfi deyil:

“Qardaş ölkədə “sosial media” və “dezinformasiya ilə mübarizə qanunu" qəbul edilib. Bundan əvvəl də, “X”-ın bloklanması və Türkiyənin şərtlərini qəbul etdikdən sonra həmin platformadan istifadəyə icazənin verilməsi kimi hallar müşahidə edilib. Bütün bu faktlar Türkiyə hökumətinin bu məsələdə kifayət qədər israrlı olduğunu göstərir. Türkiyənin aidiyyəti qurumları dəfələrlə instaqram rəhbərliyinə müraciət etmişdi ki, hər hansı bir qayda pozuntusunu özündə əks etdirən hallara yol verilməsin. Lakin platforma bir çox hallarda qayda pozuntularına reaksiya vemirdi. Fəxrəddin Altunun “İnstaqram”da HƏMAS lideri Haniyənin ölümü ilə bağlı başsağlığı mesajının qısa müddət sonra silinməsi artıq Türkiyənin müvafiq addımı atmasına səbəb oldu”.
  Türkiyənin dünyada “İnstaqram” istifadəçilərinin sayına görə 5-ci ölkə olduğunu xatırladan H.Heydərli deyib ki, instaqrama qoyulan məhdudiyyət sadəcə blogerlər üçün yox, “İnstaqram”ın özü üçün də xeyli ciddi problemdir: “Ona görə də yaxın günlərdə Türkiyə ilə “İnstagram” rəhbərliyi arasında qarşılıqlı razılaşmanın olacağını və “META” Türkiyənin şərtlərini qəbul etdikdən sonra bloklanmanın aradan qaldırılacağını zənn edirəm”.
  H.Heydərlinin sözlərinə görə, “İnstaqram” maraqlarına uyğun gəlməyən siyasi paylaşımları hər zaman bloklayır. O qeyd edib ki, İsrail-Fələstin, Rusiya-Ukrayna müharibəsinə yanaşmada bu kimi halların şahidi olmuşuq.