Əhməd Qəşəmoğlu: Körpələrin təhlükəsizliyi konteksində ailə münasibətlərinin zəiflədiyini görürük

Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.
Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.
ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.
Son vaxtlar bu kimi bədbəxt hadisələr nəticəsində körpə ölümlərinin şahidi oluruq.                                                              Sual ortaya çıxır ki, kimdir günakar? Zamanə uşaqları dəyişib yaxud, indiki dövrün anaları məsuliyyətsizlik edirlər?

Suallarımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Əvvəllər valideynlərdə uşaqlara qarşı  diqqət daha çox idi:

''İndi isə vəziyyət çox dəyişib. Ölkəmizdə ailə instutunun möhkəmləndirilməsi sahəsində lazımi maarifləndirmə işləri aparılmır. Hər bir uşaq evin içərisində belə, təhlükələrlə üz-üzədir. Körpələrin təhlükəsizliyi konteksindən ailə münasibətlərinin zəiflədiyini görürük. Ona görə də ailə ilə bağlı məsələlərə nəzarəti artırmaq lazımdır. Azərbaycan xalqının tarixi-mədəniyyəti ailə instutunun üzərində qurulub. Bu instut zəiflədikdə isə itkilərə məruz qalacağıq. Uşaqların təhlükəsizliyi naminə ailə üzvlərinin qarşısına məsuliyyət, yeri gəldikdə məcburiyyət qoyulmalıdır. Belə hallarda birinci növbədə valideynlər cavab verməlidirlər. Hər bir valideynin övladını yönləndirərək onu qorumaq borcudur. Bizim dövrdə valideynlər hətta, nənə-babalar belə uşağa həssas yanaşırdılar''.

Ekspert vurğulayıb ki, gənclərin ailə instutu haqqında təsəvvürləri arzuolunan şəkildə deyil:
''Orta məktəbləblərdə təxminən, 5-ci sinifdən yuxarı şagirdlərə  bədii əsərlər və yaxud başqa vasitələrlə ailə instutu haqda dərslər keçilsə yaxşı olardı. Bununla uşaqlarda ailənin mahiyyəti və dəyəri barədə təsəvvürlər formalaşacaq. Həmçinin bu istiqamətdə dərsliklər hazırlanmalıdır. Qeyd edim ki, orta məktəblərə mütləq sosial işçilər gərəklidir. Həmçinin, onlar gənc ailələri ziyarət edərək məsləhət də verə bilərlər. Bir sözlə, bu sahədə boşluqlar çox, problemləri eşitmək istəyən isə yoxdur. Halbuki bunu adiyyatı dövlət qurumları ciddiyə almalıdır. Hətta, bununla əlaqədar qanunvericilik bazası yaradılmalıdır".