Psixoloq: İnsanlarda artıq özünütənqid hissi yoxa çıxıb

Son günlər ictimai yerlərdə qeyri-etik hərəkət edən şəxslərin sayı artıb. Qeyd edilən situasiya ilə bağlı bir neçə video yayılıb. Artıq cəmiyyətdə bununla bağlı ciddi narahatlıq formalaşıb.
Bəs görəsən, bu tendensiya nədən qaynaqlanır? Sözügedən davranış formasının yaranmasına səbəb olan amillər nələrdir?

Mövzu ilə bağlı danışan psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, son zamanlar qeyri-etik hərəkət edən insanları bir çox yerlərdə görürük:

''İnsanlarda artıq özünütənqid hissi yoxa çıxıb. Ötən gün bir hadisə ilə qarşılaşdım. Beləki ata iki oğluyla yemək yedikdən sonra, restorandan qaçdı. Həmin hadisənin görüntülərini də obyekt sahibi yaydı. Əslində çoxları videonu yayan şəxsi qınadılar. Ancaq həmin hadisədə olan atanı qınamalıyıq ki, pulu olmadığı təqdirdə uşaqlarını restorana niyə gətirir? Bununla ata uşaqlarına pis örnək olur. Əgər bir insan ictimai yerlərdə qeyri-etik hərəkətlər edirsə, onun hansı travması olduğunu yoxlamaq lazımdır. Yəni, bu cür insanlarda birmənalı şəkildə psixoloji probemlər var. Həmçinin, davranışları onun özünütənqidinin sıfıra bərabər olmasından xəbər verir. Son vaxtlar uşaqlara qarşı zorakılıqların sayı da artıb. Bu da bir tərəfdən bizi övladlarımıza qarşı diqqətli olmağa səsləyir. Bəziləri qeyri-etik hərəkət edənləri şikayyət etməyə utanır. Ancaq bu halda utanmağa heç bir ehtiyac yoxdur. Belə vəziyyətlərlə qarşılaşanlar hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Əks halda belə hadisələrin sayı durmadan artacaq. Unutmamalıyıq ki, yalnız qorxunun olduğu yerdə qayda-qanun formalaşır.  Belə insanlara cəza verməklə kifayətlənmək olmaz. Onlar Psixi Sağlamlıq Mərkəzinə yönləndirilməlidir. Bundan sonra problemi aradan qaldırmaq mümkün olacaq".