Bank kartından oğurluq edən şəxslər tutulublar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Son vaxtlar bank kartlarından oğurluq edənlərin sayı artıb.
Vətəndaşlar bu kimi hallarla qarşılaşmamaqdan ötrü nə etməlidirlər? Hansı vəziyyətlərdə kartlarımızdan pul oğurlana bilər?
Suallarımızı cavalandıran İKT üzrə mütəxəssis Fərhad Mirəliyev “Sherg.az”a deyib ki, kartlardan bir neçə ssenari üzrə pul oğurlamaq mümkündür:
''Ən çox yayılan üsullardan biri saxta fişinq saytlara yönləndirmə və yaxud kiminsə etibarından sui-istifadə etməkdir. Dələduzlar hədəf seçdiyi şəxslər üçün müəyyən mövzularda saytlar hazırlayır. Bunlar əsasən dövlət orqanlarının rəsmi saytlarının saxta versiyalarıdır. Daha sonra vətəndaşların sayta keçidini təmin etmək üçün onların marağına uyğun mesajlar göndərilir. Məsələn, bağlamanınızın çatdırılması ilə bağlı problemlər var. Ona görə də yenidən kart və fərdi məlumatları daxil edin. Bir sözlə, bu tip mesajlarla insanları aldadırlar. Əgər vətəndaş ayıq-sayıq davranaraq bunun tələ olduğunu anlayarsa, heç vaxt aldanmaz. Əks halda, kartın balansı azalmağa doğru gedir və daha sonra gec olur. Müştərinin vəsaiti müxtəlif platformalara yönləndirilir. Qeyd edim ki, kriptovalyutanın alışını izləmək olmur. Həmçinin, əhaliyə bank adından saxta zənglər gələ bilər. Eyni zamanda, mobil telefonlarda olan tətbiqlər də təhlükə mənbəyidir. Qeyri-rəsmi pirat proqram təminatı texniki icazələr vasitəsi ilə kart məlumatlarını əldə edə bilir. Müəyyən onlayn oyunlar da kart məlumatlarını tələb edir. Nəticədə kart məlumatları kənar şəxslərin əlinə düşür.Bu cür vəziyyətlərdən sığortalanmaq üçün kibergigiyena qaydalarına əməl etməli, daim KİV-lə və kibertəhlükəsizliklə, rəqəmsal maariflənmə ilə məşğul olan sosial media hesabları izlənilməlidir''.
Ekspert vurğulayıb ki, günün çağırışına uyğun müdafiə sistemi qurulmalıdır:
''Bunu dövlət qurumları əvvəlcədən anons edirlər. Bir sözlə, fərdi məlumatları başqaları ilə paylaşmaq olmaz. Şübhəli linklərin üzərinə tıklamaq qadağandır. Gələn saxta zəngləri dəqiqləşdirmək gərəklidir. Əslində bu kimi sadə qaydalara əməl etsək, kiberdələduzluğa məruz qalmarıq. Əlavə olaraq alış-veriş etmək istədiyimiz onlayn saytların təhlükəsizliyindən əmin olun. Mobil bankçılıqdan səmərəli istifadə etməliyik. İstifadə olunmayan kartları bloklamaq lazımdır. Bu kimi qaydalara əməl etsək, ən azından kartdan oğurluq risklərini azalda bilərik".