Mərc oyunlarından necə qurtulmalı? -Psixoloqdan TÖVSİYƏ

Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
“Sherg.az” APA TV-yə istinadən xəbər verir ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.
İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb. Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.
Bu hadisə bir daha onlayn oyunların uşaqlar və gənclər üzərində təsiri mövzusunu gündəmə çıxarır. Maraqalıdır,  onları bu pis vərdişdən necə qurtaraq?
 
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, onlayn mərc oyunlarına qarşı maraq və alışqanlıq insanın xarakterinin zəifliyindən, psixohəssaslığından xəbər verir:

''Həmçinin, qumar, siqaret, içki aludəçiliyi də psixoloji problemlərin gözlə görünən tərəfləridir. Bu da sonda acınacaqlı hadisələrə səbəb olur. Əgər bir insan sosial mühitdə özünü doğrulda bilməyib və problemi çoxdursa, o zaman bu cür oyunlarla uğur qazanmağa cəhd edir. Təsdiqetmə mərhələsində onlayn oyunlar öz sözünü deyir. Uduzduqda isə həmin şəxsdə qəzəb yaranaraq qalib olmaq üçün müabarizə hissi formalaşır. Beləliklə bir müddətdən sonra onlayn oyunlara qarşı aludəçilik yaranır. Oyun asılılığının zərərlərinə, aşağı akademik müvəffəqiyyət, pozulmuş yuxu rejimi, qeyri-sağlam qidalanma səbəbindən kilo alma, şəxsi qulluğa etinasızlıq, oturaq həyat tərzi kimi problemlər daxildir. Kompüter oyunlarına aludə olanlar açıq hava fəaliyyətlərinə və təbiətə maraqlarını itirirlər. Digər tərəfdən oyunların strukturu da psixoloji həssas insanları özünə bağlaya bilir. Hədiyyələr vasitəsi ilə oyuna maraq daha da artır. Lakin kənardan məsləhət verməklə, oyun aludəçilərini bundan qurtarmaq mümkün deyil. Bu səbəbdən onların mütləq mütəxəssis dəstəyinə ehtiyacı var".