3000 şəhid məqaləsi vikipediyadan silindi: Aylardır buna zəmin hazırlanırdı

3000 şəhid haqqında məqalənin vikipediyadan silinməsi azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub
 
“Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb”
 

 3000 şəhid haqqında məqalənin vikipediyadan silinməsi cəmiyyətdə narazılıq yaradıb. Məlumatı texnobloger Fərid Pərdəşünas paylaşaraq medianı bu xəbəri işıqlandrmağa çağırıb. F.Pərdəşünas sosial şəbəkədə belə yazıb: “Bu məlumatı ictimailəşdirməkdə mənə kömək edin. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silindi. Bunlar 3000 şəhid haqqında məqalələrdir. Aralarında yüksəkrütbəli hərbçilər, polkovnik-leytenantlar var. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıb. Artsaxa müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediyaya yerləşdirilib. Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər isə silinib. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır”. Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediyaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm”.

 F.Pərdəşünas illərin vikipediyaçısı, hazırda Azərbaycan dilində olan vikipediyada inzibati şəxslərdən biri Ramiz Rövşənin oğlunun açıqlamasını da yayıb: 
“Azərbaycanca vikipediyada şəhidlərimiz haqqında məqalələrin silinməsi ilə bağlı mənə də çox sayda tanış-biliş suallar ünvanlayır. Mən 2007-ci ildən azərbaycanca vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca vikipediyada olan haqsızlıqlar heç bəlkə onun buna qədər bütün tarixində olmayıb. Dəfələrlə vikipediyanın özündəki müzakirələrdə bu haqda yazdığıma, hətta müəyyən məsələlər haqqında “525-ci qəzet”ə bir müddət qabaq açıqlama verdiyimə görə, burada da bununla bağlı qısaca yazacağam. Təəssüflər olsun ki, son bir neçə ildir azərbaycanca vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə “azviki” idarəçilərinin sıralarına da sızıblar. Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda “azviki”də həll edir ki, hansı vikipediyaçı bloklansın, kim “azviki”nin idarəçisi olsun, hansı məqalə silinsin, hansı məqalə qalsın və s. Aktiv vikipediyaçılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm, məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar – hələ ki, bir şey çıxmır, çünki azərbaycanca vikipediyada hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan vikipediyaçı var. Amma bitərəf vikipediyaçıları bir az da “seyrəldəndən” sonra bu istəklərinə də nail olacaqlar. Məqalə silinməsinə gəldikdə - o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, vikipediya prinsipinə görə bu silinməlidir. Son vaxtlar azərbaycanca vikipediyada qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər. Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, ümumvikipediya prinsipidir. Amma məsələn, bizim “ağıllı” vikipediyaçılar bir prinsip quraşdırıb Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı dərd yarıydı. Nəsə.. Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf...”

 Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası da (AMEA) “Vikipediya” dan şəhidlərlə bağlı yazıların silinməsi haqqında açıqlama verib.
AMEA bu məsələdə adının hallandırılmasına etiraz edib.
 “Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”.