DYP velosipedçilərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib.

İdarədən Sherg.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçilərin yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq. Təkcə cari ilin 8 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 15 yol-nəqliyyat hadisəsində 5 nəfərin həyatını itirməsi, 10 nəfərin yaralanması deyilənləri bir daha təsdiq edir.

Xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadəyə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!"