Tural İrfan: Tarixən Azərbaycan İranın deyil, İran Azərbaycanın bir parçası olub

İran dövlət televiziyasının "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.                                
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Məlumata görə, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini həyasızcasına "Şimali Azərbaycan" adlandırıb. Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana birləşər.
Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi: "azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!"

Məsələ ilə bağlı siyasi şərhçi Tural İrfan “Sherg.az"a açıqlamasında deyib ki, İranda mütəmadi olaraq Azərbaycan əleyhinə  təbliğat aparılır:


''İran rejimi Azərbaycanı müstəqil, güclü müsəlman dövləti kimi görmək istəmir. Ona görə də Fransa və digər Qərb rejimləri ilə həmrək olaraq Azərbaycanın düşmənlərinə yardım edir, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Digər tərəfdən tarix, mədəniyyət, siyasi reallıq sübut edir ki, Azərbaycan İranın deyil, İran Azərbaycanın bir parçası olub. Bu coğrafiyanı tarix boyu türklər idarə edib, əhalinin böyük əksəriyyəti də türk soyludur. Necə ki, ermənilər bizim tarixi torpaqlarda dövlət qurub bu gün qabaqdan gəlmişlik edirlər, eləcə də İran da bizi qabaqlamağa çalışır. Təbii ki, biz hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Lakin o dövlətdə yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunmasını istəyirik. Yəni yer adlarının, toponimlərin təhrif olunub farslaşdırılmasını, millətimizin milli mənsubiyyətindən dolayı zülmə məruz qalmasını istəmirik. Ancaq İran Azərbaycanda konstitusiya quruluşunu dəyişmək üçün qondarma "kərimə dövləti" kimi cəfəng proyektlər hazırlayır, agent yerləşdirir, ölkədə dini, milli zəmində təxribat yaratmağa cəhd edir. Bu isə qonşuluq və İslam ənənələrinə tamamilə ziddir. Təbii ki, İranda radio, televiziya, mətbuat hökumətin birbaşa diktəsi ilə iş görür. Hətta, ötən günlərdə İran Azərbaycanın hava haqqında məlumatlarının televiziya vasitəsi ilə elan edilməsini təklif edirdi. İndi də Azərbaycanın guya, İran ərazisi olması kimi cəfəng, təxribatçı fikirlər səsləndirirlər. Cənubi Azərbaycan ərazisi tarix boyu Azərbaycan ərazisi kimi əslən türk olan hakimlərin, şahların, xanların idarəsində olub və orada yaşayan xalq da türkdür. Cənubi Azərbaycanın milli fəalları milli haqları üçün davamlı mübarizə aparırlar. Bu, onların haqqıdır və xalqın rəyinə əsasən də öz haqlarını tələb etmək məsuliyyətləri var. Azərbaycan dövləti bu gün çox güclüdür, qüdrətlidir və bu qüdrətlənmə daha da möhkəmlənir. Məhz bu da İranda bəzi dairələrin narahatlığına səbəb olur. Ortaq türk əlifbası qəbul olunan kimi onlar da öz xislətini ortaya atmağa tələsdilər. Türk dövlətinin birliyi, Zəngəzur dəhlizi məsələsi İranı əbəs yerə narahat edir. Çünki Azərbaycanın güclənməsi yaxud Zəngəzur dəhlizi İranın əleyhinə deyil, əksinə onlar da normal münasibət və siyasi, iqtisadi əlaqələr qurub bu nailiyyətlərdən bəhrələnə bilərlər. Lakin İran həmişə Azərbaycanın, Türk dünyasının birliyinə, nailiyyətlərinə qısqanclıqla, düşmən gözü ilə baxıb. Bu, nə İslama, nə qonşuluq ənənələrinə uyğundur''.

T.İrfanın sözlərinə görə, İran televiziyasının bu cür təxribatçı, düşmən mövqeyi qəbuledilməzdir:
''Bu tamamilə təxribata xidmət edir. Bəlkə, İran nə vaxtsa dağıla və orada yaşayan türk soylu xalqlar ya müstəqil dövlət qurmaq, ya da Azərbaycan dövlətinə birləşmək barədə qərara gələ bilərlər. Ancaq güclü və qüdrətli Azərbaycan dövləti haqda bunu demək olmaz. Azərbaycan tam müstəqildir.  Yənu bu gün Azərbaycan İrandan qat-qat möhkəm dövlətdir. Həm qonşular, həm də dünya üçün nümunəvi siyasət aparır, normal əlaqələr qurur, sülh şəraitində yaşamağım vacib olduğunu önə sürür. Hesab edirəm ki, İranın bu cür təxribatları Fransa kimi onlara dirijorluq edən dairələrin maraqlarına xidmət edir və heç bir əsası yoxdur. İran hökuməti bu cür məsələlərdən çəkinməlidir. İranın Azərbaycana qarşı törətdiyi bir çox təxribatçı planlara qonşuluq, müsəlmanlıq naminə dövlətimiz həmişə layiqli cavab verməklə yanaşı dözümlü yanaşıb. Ancaq İran hər dəfə bir addım da irəli gedib. Bu, əsla qəbuledilməzdir və son dönəmdə normallaşan münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Aqressiv və pozucu siyasət aparan İranın son vaxtlar Rusiya ilə də münasibətlərində gərginlik var. Bu hal regionda gərginliyin artmasına aparan amildir. Özünə hədəf seçdiyi güclərə qarşı şüarlarında və təhdidlərində dediyi kimi, susdurucu cavab verə bilməyənlər yaxud, buna qüdrəti çatmayanlar Azərbaycanı zəif görüb bu dövlətə qarşı yönəlməkdə çox böyük səhv edirlər''.