Saatlıq əməkhaqqı sisteminə keçid: Bu hansısa maaş artımına gətirib çıxaracaq?-RƏY

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.
Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Sual ortaya çıxır. Sistemin hansı üstün tərəfləri ola bilər? İndiki vəziyyətdə bu mümkündürmü? Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Sözügedən dəyişikliyin təsirlərini şərh edən iqtisadçı ekspert Xalid Kərimli “Sherg.az”a bildirib ki, saatlıq əməkhaqqı sistemi hazırda beynəlxalq praktikada da mövcuddur:

''Bu sistem sərbəstliyi, çevikliyi və Əmək Müfəttişliyinin nəzarət imkanlarını artırır. Digər tərəfdən qaydanın aylıq işçilərə xüsusi heç bir təsiri olmayacaq. Amma qısamüddətli, kiçik həcmli müqavilələrlə işləyənlərin tənzimləmə aləti yaxşılaşacaq. Məsələn, bir şəxs 25 saatlıq müqavilə bağlayıbsa minimal hədlərə nəzarət etmək daha asandır. Həmçinin, burada vergidən yayınma mövzusu ortaya çıxır. Yəni, bununla vergidən yayınma riskini azaltmağa çalışırlar. Əlavə olaraq, ölkədə minimum əməkhaqqı çox aşağı səviyyədədir. Ona görə də 345 manatdan da az məbləğdə işçi işlətmək mümkün deyil. Buna indiki dövrdə bazar şəraiti belə, imkan vermir. Saatlıq əməkhaqqı sistemindən  dünyanın inkişaf etmiş ölkələri istifadə edir. Ancaq bu qayda hansısa maaş artımına gətirib çıxarmayacaq. Bu sadəcə mexanizmin işləməsində pozitiv rol oynayacaq".