Cibgirlərdən necə qorunaq? -Ekspertdən tövsiyə

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, oğurluq tərbiyə və mədəniyyət məsələsidir:

“Bütün dünyada oğurluq, cibgirlik geniş yayılıb. Hər kəs diqqətli şəkildə hərəkət etməli, ətrafdakı insanlara qarşı ayıq olmalıdır. Çünki oğrular insan həyatı üçün təhlükə mənbəyidir. Onlar qızıl, telefon və ya digər əşya oğurlamaq yanaşı, həmin insana zərbə də endirə bilərlər. Vətəndaşlara tövsiyə edirəm ki, qapını tanımadığı şəxslərə açmas;nlar. Həmçinin qapı və pəncərələrini daim nəzarət altında saxlasınlar. Ümumçiyyətlə oğurluq, soyğunçuluq və cibgirlik kimi hadisələrin qurbanına çevrilməmək üçün qiymətli əşyaları etibarlı yerdə saxlamaq lazımdır.  Bəzən insanlar pulqabınıcibinə və ya çantanın elə yerinə qoyur ki, orada görünən formada olur. Bu da qarşıdakı insanın diqqət mərkəzinə çevrilir. Lakin unutmamalıyıq ki, oğurluğu qarşısına məqsəd qoymuş insanlar, pis niyyətlərini həyata keçirmək üçün şəraiti gözləyirlər. Əllərinə fürsət düşdükdə isə nəzarətsiz olan əşyanı anında oğurlayırlar. Buna görə də insanlar hər zaman diqqətli olmalıdırlar”.