Kartdan karta köçürmə alıcının ziyanınadır

“Çünki bu halda o, “ƏDV Geri al” layihəsindən yararlana bilmir, eləcə də bankların kəşbək kampaniyasından istifadə edə bilmir

  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
  Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
  İqtisadçı-ekspert Xalid Kərimli də kartdan karta əməliyyatların genişlənməsinin vergidən ciddi yayınmaya səbəb olduğunu bildirib. Ekspert hesab edir ki, həm ticarət, həm də xidmət müəssisələrində ödəniş forması kimi kartdan karta pul köçürülməsi qadağandır:

“Bu, hesablaşma qaydalarının pozulmasıdır və bunu edənlər cərimələnməlidir. Vətəndaş ödənişi nağd edirsə, kartdan karta ödəniş də buna aiddir, o halda istehlakçıya qəbz və nəzarət-kassa aparatından çıxarılan ödənişi təsdiq edən sənəd təqdim edilməlidir. Əgər istehlakçı ödənişi kartla etmək istəyirsə, bunun yeganə forması POS-terminaldır”. X.Kərimli onu söylədi ki, kartdan karta köçürmə alıcının ziyanınadır: “Çünki bu halda o, “ƏDV Geri al” layihəsindən yararlana bilmir, eləcə də bankların kəşbək kampaniyasından istifadə edə bilmir. Buna görə də kartdan karta pul köçürülməsini tələb edən sahibkarlara qarşı nəzarət tədbirləri gücləndirilməli və müvafiq cərimələr tətbiq olunmalıdır”.