Gəncədə məktəblini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosuna bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Məhsəti qəsəbəsindəyerləşən 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Mövzuya münasibət bildirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, bu kimi hadisələr son vaxtlar artmaqdadır:
“Əksər məktəblərimizdə buna oxşar hadisələr tez tez baş verir. Bunun əsas səbəbi isə valideynlərdir. Valideynlər son illər övladlarını çox ərköyün şəkildə böyüdürlər. Yəni hər bir istəkləri alınır, hər bir arzuları həyata keçirilir. Müşahidələrimə əsasən bəzi ailələrdə uşaqlar bıçaqla oynamağı sevirlər və valideyn buna göz yumur. Bu gün əgər valideyn uşağının soyuq silah ilə oynamasına göz yumursa, sabah həmin o uşaq bıçağı özüylə bağçaya, məktəbə və digər yerlərə aparacaq. Bu zaman kimləsə sözü çəp gələndə həmin bıçaqdan soyuq silah kimi istifadə edəcək.Bıçağın istifadə edilməsini təbii ki, valideynlərindən öyrənirlər. Digər tərəfdən hər bir cizgi filminə baxmağı uşaqlar üçün açıq elan ediblər. Əslində valideyn cizgi filmlərini uşağa təqdim etməzdən əvvəl özü baxmalıdır. Əgər yararlıdırsa ona göstərməli, yararlı deyilsə, uşağın həmin cizgi filminə baxması qadağan olunmalıdır. Dəhşət saçan xarici cizgi filmlərini uşaqların qarşısına qoyuruq, və ona baxaraq aqressiyanı mənimsəyirlər. Xüsusilə yeniyetmə yaşında olan oğlan uşağının qanının oyandığı dövrdə ailədə aldığı tərbiyəni bağçada da, məktəbdə də nümayiş etdirəcək. Son dövrlər, bu kimi hadisələrin çox baş verməsinin səbəblərindən, digəri isə məktəblərdə psixoloqlar tərəfindən işin düzgün şəkildə, qurulmamasıdır. Uşaqlarla vaxtaşırı işlər aparılsa, məktəbə soyuq silahın, telefonların, digər vasitələrin gətirilməməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilsə, uşaqlarda bu vasitələrdən istifadə edə bilməzlər. 20-30 il bundan əvvəl valideynlər uşaqlarla çox məşğul olur, onlara çox vaxt ayırırdılar. Uşaqlar onlar üçün həyatlarının birinci dərəcəli işi idi. İndi isə uşaqlar valideynlər üçün həyatın üçüncü, beşinci dərəcəli işi olub. Belə olan təqdirdə də belə hadisələrlə rastlaşırıq. Şəhərdəki məktəblərin birində belə hadisənin baş verməsi yaxşı olmayan bir haldır. Yəqin ki, hüquq mühafizə orqanları tərəfindən tədbir görüləcək”.