İnsanlar əsas yoxdursa, xüsusən vacib deyilsə, hava nəqliyyatından istifadə etməkdən çəkinirlər
“İran və Gürcüstana səfərlərin artmasının səbəbi ilk növbədə həmsərhəd ölkələr olmasıyla bağlıdır. Etnik əlaqələr də özünü göstərir”
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Qəribə görünən Rusiya və Türkiyəyə gedən vətəndaşlarımızın sayında azalma müşahidə olunmasıdır. “Sherg.az"a açıqlamasında iqtisadçı Fuad İbrahimov bunun səbəblərinə aydınlıq gətirib:

- Bu, o qədər də mühüm əhəmiyyət kəsb etməyən statistikadır. Yanvar-fevral ayları üzrə statistik göstəricilər qəti bir fikir formalaşmasına əsas yaratmır. İran və Gürcüstana səfərlərin artması ilk növbədə həmsərhəd ölkələr olmasıyla bağlıdır. Etnik əlaqələr də özünü göstərir. Rusiyaya səfərlərin azalması isə əlbəttə ki, müharibə şəraitinin davam etməsi və əsasən də məlum təyyarə qəzası və bu faciəli hadisədən sonra bir çox aviareyslərin təxirə salınması, Rusiya tərəfindən hava məkanını bağlı olması, hava nəqliyyatının təhlükəli hesab edilməsiylə bağlıdır. Yəni insanlar əsas yoxdursa, xüsusən vacib deyilsə, hava nəqliyyatından istifadə etməkdən çəkinirlər. Görürük ki, karantin rejimi uzadıldığına, quru sərhədlər açılmadığına görə başqa ölkələrə səfər edənlər daha çox hava nəqliyyatı ilə, təyyarə ilə hərəkət edib. Təyyarə biletlərinin ucuz olmadığını da nəzərə alsaq, vətəndaşlar yalnız zəruri hallarda ölkədən çıxırlar. İstirahətə gedənlərin sayında da azalma var, çünki əhali arasında istirahətə xərcləməyə artıq pulu olanlar azdır. Yəni “təyyarəyə bilet alım, gedim istirahət edim”, kateqoriyasına aid insanlarımız çox deyil. Bütün bu səbəblər də göründüyü kimi statistikada əksini tapır.