İlahiyyatçı: “Qurban kəsmək Həcc ibadətinin tərkib hissəsidir” 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib.
QMİ sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək. Qeyd edilir ki, şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər: “İyun ayının 6-da məscidlərimizdə bayram namazları qılınacaq. Azərbaycanda iyunun 6-sı və 7-si Qurban bayramı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq”.
Fətvada qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir: “Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”.

İlahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, Qurban bayramı təkcə bir dini mərasim deyil, həm də cəmiyyətin rifahı və mənəvi birliyi üçün xüsusi əhəmiyyətə malik universal dəyər daşıyan ibadətdir:
 “Qurban İslam aləminin iki böyük bayramından biridir. Bu bir ibadət hesab olunur. İbadətlər bir neçə yerə bölünür və onlardan biri də malla edilən qurban ibadətidir. Qurban Allaha yaxınlaşmaq deməkdir. Bəndə öz malını Yaradan yolunda qurban etməklə demək istəyir ki, sənin yolunda mən malımı, varımı əsirgəmirəm, lazımdırsa, bu heyvan kimi canımı da qurban etməyə hazıram. İslamda qurban dəvə, camış, inək, qoyun və keçirən olur. Dəvə 5 yaşını, inək, camış 2 yaşını, qoyun və keçi 1 yaşını keçmiş olmalıdır. Lakin böyük cinsli heyvanlar var ki, 6 aylıq olsa da, böyük həcmli olur, onları da kəsmək olar. Xəstə, kor, şikəst heyvan kəsmək olmaz. Qurbanı kəsən müsəlman olmalı, yönü qibləyə, Allahın adı ilə kəsməlidir. Heyvanı pirdə, atəşgahda, məzarlıqda, yol kənarında, natəmiz yerlərdə kəsmək olmaz. Kəsərkən vacib olan heç bir dua yoxdur, yalnız Allahın adı çəkilib onun üçün kəsildiyini hər kəs öz dilində deməlidir. Qurban bayramı 3 gündür. Əsas gündən 2 gün sonra da kəsmək olar. Bu ona görədir ki, səfərdə olan, həmin günə çata bilməyənlər də digər 2 gündə kəsə bilsin. Əsas olan bu əməlin sosial tərəfidir. İmkanlı müsəlmanlar kasıb, miskin, möhtac adamlara qurban paylamalıdır. Hətta heyvanı özləri kəsməsi üçün hədiyyə də edə bilər. Qurban ətini 3 hissəyə bölmək tövsiyə edilir. Bir hissə özü və ailəsi, ikinci hissə qohum və qonşular, üçüncü hissə kasıb və ehtiyacı olanlar üçün ayrılmalıdır. Dəvə, camış, inəyi 7 nəfərə qədər adam pul qoyub şərikli kəsib bölə bilərlər. Ancaq qoyun və keçini şərikli almaq olmaz''.

T.İrfanın sözlərinə görə, Qurban kəsmək Həcc ibadətinin bir hissəsidir: 
"Bu əməl Həcdə olanlar üçün vacibdir. Ancaq digər müsəlmanlar da imkanları olduğu halda mütləq icra etməlidirlər. Sosial paylaşım, ünsiyyət, müsəlmanlar arasında dostluq hisslərinin inkişafı yönündən bu bayram xüsusi əhəmiyyət kəsb edir. Ancaq içalatlarla yolları zibilləmək günahdır. İçalatı, baş- ayağı ya ev heyvanlarına vermək, ya da dəfn etmək lazımdır. Çünki təmizlik imandandır. Qurban bayramının abu-havasını qorumaq vacibdir. Bayram namazı da bu 3 gün ərzində qılına bilir. Lakin əsas ilk gündür. Gün doğandan günorta namazına qədər vaxtı var. İki rükət namazdır və bu namazı məsciddə cəm halda, yaxud tək halda da qılmaq olar. Müsəlmanlar üçün, dünyada sülh üçün dua edilməli, Allahdan bərəkət, ruzi istənilməlidir. Hər kəsin öz dilində də icra etməsi mümkündür. Kim namazı ərəbcə qıla bilməzsə, bunu Azərbaycan dilində də icra edə bilər''