Hüsamettin İnaç: 3-cü dünya savaşı 2026-cı ilin sonlarına doğru baş verə bilər -SÖHBƏT

Bizim əsas iddiamız müharibəni Rusiyanən başladacağıdır

Yenidünya müharibəsinin başlaması halında, qütb sisteminin tamamilə ortadan qalxması gözlənilir

Çoxmərkəzli qütblərin formalaşması ilə birlikdə Azərbaycan və Türkiyənin mövqeyi xeyli güclənəcək

2026-cı ilin sonlarına doğru baş verməsi ehtimalı yüksəkdir

Dünyamız indiyə qədər nəhəng geopolitik dəyişikliklərin və böyük güc mübarizələrinin şahidi olub. İkinci Dünya Müharibəsindən sonra yaranmış qlobal nizam indi ciddi sınaqlarla üzləşir. ABŞ-nin hegemonluğu sual altında, Rusiya və Çin isə yeni rol axtarışındadır. Bu dəyişikliklər yalnız regional qarşıdurmalarla məhdudlaşmır, onlar, potensial olaraq III Dünya Müharibəsinin başlanması riskini gündəmə gətirir.

Müasir dövrdə geosiyasi gərginliklər, su qıtlığı, texnoloji silahlaşma və beynəlxalq institutların zəifləməsi kimi faktorlar dünya müharibəsi ehtimalınl artıran mürəkkəb amillər kimi ortaya çıxır. 

Dumlupınar Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Fakültəsinin rəhbəri Dr.Hüsamettin İnaç mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Hüsamettin bey, Üçüncü Dünya Müharibəsi başlaya bilərmi?

-Üçüncü dünya müharibəsinin baş vermə ehtimalı olduqca böyük görünür. Bunun əsas səbəbi ABŞ-nin qlobal hegemon güc olma qabiliyyətini gündən-günə itirməsidir. Çünki ABŞ hərbi baxımdan hegemoniyasını strateji əhəmiyyətə malik bölgələrdə münaqişələr yaradaraq və bu ərazilərə öz qoşunlarını yerləşdirərək təmin edirdi. Lakin bu gün artıq həmin qoşunlarını geri çəkmək məcburiyyətində qalır. Eləcə də ABŞ valyuta yolu ilə, yəni dollar vasitəsilə hegemonluğunu qurdu. Ancaq bu gün alternativ valyutaların istifadəsi, yerli pullara və kriptovalyutalara yönəliş dolların əhəmiyyətini azaldır. Həmçinin qloballaşma və neoliberalizm adlanan ideologiya artıq ABŞ-nin deyil, daha çox Çin və Rusiyanın maraqlarına xidmət edir. Bütün bu səbəblər ABŞ-nin üstünlüyünü itirməsinə gətirib çıxarır. Bu vəziyyət isə “dondurulmuş münaqişə” adlanan bölgələrin yenidən alovlanmasını və təzə bir hegemon gücün formalaşması üçün yeni müharibənin başlanmasını zəruri hala gətirir.

-Əgər III Dünya müharibəsi başlasa, hansı qütblər formalaşa bilər?

-Yeni bir dünya müharibəsinin başlaması halında, əslində qütb sisteminin tamamilə ortadan qalxması gözlənilə bilər. Çünki Amerikanın qarşısında dayanan Rusiya və Çin yeni bir qütb yarada biləcək gücə və qabiliyyətə tam şəkildə sahib deyillər. Belə ki, Rusiya çox geniş coğrafiyaya malik olmasına baxmayaraq, cəmi 147 milyonluq əhali və təxminən 1,7 trilyon dollar kimi olduqca aşağı gəlir səviyyəsinə sahibdir. Bundan əlavə, özünəməxsus bir dəyərlər sistemi olmadığı üçün yeni bir qütb formalaşdıra bilmir. Çin də oxşar vəziyyətdədir. Hər nə qədər müəyyən iqtisadi zənginliyə çatmış olsa da, imperialist bir güc olaraq dünyada sülhü təmin edə biləcək dəyərlər sisteminə sahib olmadığı üçün yeni qütb yarada bilməz. Bunun əvəzinə, çoxmərkəzli qütb sistemi adlandırılan bir sistemin formalaşma ehtimalı daha yüksək görünür.

-Azərbaycan və Türkiyənin mövqeyi necə olacaq?

-Çoxmərkəzli qütblərin formalaşması ilə birlikdə Azərbaycan və Türkiyənin mövqeyi xeyli güclənəcək. Çünki hər bölgədə müəyyən güclü aktorlar mövcud olacaq. Yəni Amerika qitəsində ABŞ, Avropada məsələn İngiltərə, Türkiyənin yerləşdiyi Yaxın Şərq, Qafqaz və Balkan coğrafiyasında isə Türkiyə və Azərbaycanın birgə idarə mərkəzlərinin formalaşması mümkündür. Beləliklə, çoxmərkəzli dünya nizamı daxilində Azərbaycan və Türkiyə həm geosiyasi mövqeyi, həm sahib olduqları zənginliklər, həm də əhali və demoqrafik üstünlükləri sayəsində olduqca üstün mövqeyə yüksələcəklər.

-ABŞ-nin hegemonluğunu itirdiyini dediniz. Bəs Venesuela prezidentinin evindən qaçırılması onun hegemoniyasının sübutu deyil? 

-ABŞ-nin Venesuelanı işğal etməsi əslində onun hegemonluğunun qorxuducu mərhələyə çatdığını göstərmir. Əksinə, bu vəziyyət böyük bir hegemon və qlobal gücün çökmə mərhələsinə daxil olduğunu göstərir. Çünki İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin NATO alyansı çərçivəsində formalaşdırdığı dəyərlər sistemi və Birləşmiş Millətlər Təşkilatı sistemi onun öz əli ilə zəiflədilir və dağıdılır. Bu proses qısa müddətdə ABŞ-ni qalib kimi göstərsə də, uzunmüddətli perspektivdə məğlub olacağının sübutudur. Bu baxımdan, ABŞ-nin və tarixdəki digər böyük oyunçuların güc itirdikləri dövrlərdə daha aqressiv və hücumçu siyasətlər həyata keçirdikləri, eyni zamanda özlərinin qurduqları sistemləri məhv etdikləri müşahidə olunur. Uzunmüddətli perspektivdə bu sistemin tamamilə ortadan qalxması ilə birlikdə, həmin dövlətin də zəifləyərək yox olmasına aparan bir prosesin başlanğıc nöqtəsində olduğumuzu düşünürəm.

-III Dünya müharibəsinin başlamasının əsas səbəbi nə olacaq?

-Dünya müharibəsini əslində başlada biləcək əsas amil Rusiyanın güclənməsi ilə ortaya çıxan vəziyyət ola bilər. Çünki Rusiya olduqca aqressiv və imperialist siyasət yürüdür. Bu səbəbdən böyük ehtimalla Şərqi Avropaya-Rumıniyaya və ya Moldovaya, yaxud şimalda Estoniya, Litva və Latviya kimi ölkələrdən birinə qarşı hücum ehtimalı gündəmə gələ bilər. Bu cür bir addım isə Rusiya ilə NATO arasında müharibənin başlanmasına səbəb olar. Mən bu ehtimalın kifayət qədər yüksək olduğunu düşünürəm.

-Bir çox mütəxəssis dünya müharibəsinin başlanmasını su qıtlığı ilə əlaqələndirir. Sizcə su qıtlığı müharibəyə səbəb ola bilərmi?

-Su qıtlığı həqiqətən də müharibə səbəbi ola bilər. Xüsusilə Yaxın Şərq və Afrika coğrafiyasında ölkələrin böyük əksəriyyəti su ilə bağlı ciddi problemlər yaşayır. Bunların başında Efiopiya, Sudan və Misir gəlir. Məlum olduğu kimi, Efiopiyanın “Nəhda” (GERD) adlanan bəndi inşa etməsi Sudan və Misirin susuz qalması riskini artırır. Bu səbəbdən də həmin ölkələr arasında ciddi gərginliklər və daxili münaqişələr yaşanır. Oxşar vəziyyətin Yaxın Şərq coğrafiyasında da baş verməsi ehtimalı yüksəkdir. Çünki su əvəzolunmaz bir resursdur. Xüsusilə sərhədlərarası suların paylaşılması ilə bağlı ölkələr arasında ciddi ixtilafların mövcud olduğunu görürük. Bunun doğura biləcəyi problemlər isə, təbii ki, müharibəyə yol aça bilər.

-Süni intellekt və avtonom silah texnologiyalarının inkişafı müharibə ehtimalını artırır, yoxsa onu azaltmaq potensialına malikdir?

-Süni intellekt və avtonom silah texnologiyaları, əslində insanların sahib olduğu ənənəvi konvensional silahlarla müqayisədə daha öldürücü və daha yanıltıcı məlumatlar istehsal edə bilər. Bu baxımdan, öldürücülük səviyyəsi daha yüksək olan bu cür texnologiyalar ciddi problemlərə yol açacaq. Məsələn, Qəzza soyqırımı zamanı İsrailin süni intellektdən istifadə edərək müəyyən hücumlar həyata keçirdiyi, lakin bu hücumların yanlış və yanıltıcı məlumatlara əsaslandığı iddia olunur. Bu səbəbdən süni intellektin inkişafı və ona sahib olmaq uğrunda gedən rəqabət, eyni zamanda bu texnologiyanın müharibələrdə istifadə olunması nəticəsində yanlış hədəflərin vurulması riskini artırır. Bu da ciddi müharibə potensialı yaradır.

-Dünya müharibəsi riskini azaltmaq üçün hansı beynəlxalq hüquqi, siyasi və iqtisadi tədbirlər effektiv ola bilər?

-Təəssüf ki, bu gün dünyada müharibə riskini azalda biləcək beynəlxalq hüquqi, siyasi və iqtisadi sahədə ali bir üst hakimiyyət orqanın mövcudluğu müzakirə mövzusuna çevrilib. İkinci Dünya Müharibəsindən sonra bu funksiyanı yerinə yetirməli olan qurum Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası idi. Lakin bu gün Təhlükəsizlik Şurasını təşkil edən beş böyük dövlət-ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin gündəmi öz maraqları çərçivəsində müəyyən edirlər. Onlar beynəlxalq hüququ tətbiq edib-etməmək məsələsində istisnalar və ayrı-seçkilik nümayiş etdirirlər. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının real təhlükəsizlik təmin edə bilmədiyi açıq şəkildə görünür. Rusiya-Ukrayna müharibəsində BMT-nin faktiki olaraq heç bir rolu olmadı. Qəzza soyqırımı zamanı da eyni şəkildə BMT-nin funksiyasız qaldığı müşahidə olundu. Birləşmiş Millətlər Təşkilatı tarixdə baş vermiş böyük münaqişələrin həllsiz saxlanıldığı, “tarixin zibilxanası”na çevrilmiş platforma, bir "zibil" halını alıb. Bu səbəbdən, müasir dövrdə dövlətlər öz təhlükəsizlik və mövcudluq problemlərini həll etmək üçün ikitərəfli, üçtərəfli və ya konkret sahələr üzrə formalaşdırılmış ittifaq sistemlərinə üz tutmağa məcbur qalacaqlar. Yaxın gələcəkdə beynəlxalq sistemi düzəldəcək, yaxud beynəlxalq anarxiya və xaosu nizamlı bir quruluşa çevirəcək yeni bir beynəlxalq qurumun meydana çıxması isə o qədər də real görünmür.

-Bəs müharibə nə vaxt başlaya bilər? Bununla bağlı proqnozunuz varmı?

-Bizim əsas iddiamız müharibəni Rusiyanən başladacağıdır. Əgər müharibə Rusiyanın hücumu ilə başlayacaqsa, onun 2026-cı ilin sonlarına doğru baş verməsi ehtimalı yüksəkdir. Xüsusilə İngiltərə ilə Rusiya arasındakı qarşıdurma son dövrlərdə daha çox ön plana çıxıb. Əgər Rusiya ABŞ-dan bu səviyyədə dəstək almağa davam edərsə və bu il Ukrayna müharibəsinin nəticəsi olaraq imzalanacaq mümkün bir razılaşma Rusiyanı dominant mövqeyə gətirərsə, yəni Rusiya bu müharibədən qalib çıxarsa, o zaman yeni bir dünya müharibəsi qaçınılmaz olacaq.