Diaspora ağır şəraitdə çalışır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Rusiya azərbaycanlıları müharibəsinə qurban vermək istəyir
Diaspor quruculuğu və lobbiçilik dünya azərbaycanlılarının milli kimliyini, mədəniyyətini və dövlətçilik maraqlarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın xaricdə yaşayan milyonlarla soydaşı yalnız milli-mədəni dəyərləri yaşatmaqla kifayətlənmir, eyni zamanda yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin maraqlarının müdafiəsi üçün təsirli ictimai-siyasi platforma rolunu oynayır. Bu baxımdan, dünya azərbaycanlılarının həmrəyliyi ideyası müstəqillik dövründə milli strategiyanın vacib istiqamətlərindən biri kimi formalaşıb.
Lakin son dövrlər Rusiyada Azərbaycan diaspor təşkilatlarının strukturunda aparılan dəyişikliklər bu proseslərə ciddi təsir göstərir. Artıq “diaspor” anlayışı ləğv edilərək onun əvəzinə “icma” ifadəsi tətbiq olunur. Ekspertlərin fikrincə, Moskvanın belə addımı təsadüfi deyil. Əsl məqsəd azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu minimuma endirmək, onları daha çox Kreml siyasətinin təsiri altına almaqdır. Yeni yaradılan icma rəhbərlərinin Rusiya hakimiyyətinə sadiqliyi, hətta Ukraynada aparılan müharibəyə dəstək bəyanatları bunun açıq göstəricisi hesab olunur.
Yəni Rusiyanın Azərbaycan diasporuna qarşı münasibəti artıq sadəcə mədəni birliklərin fəaliyyəti ilə məhdudlaşmır, əksinə, siyasi alətə çevrilir. Bu isə Azərbaycan üçün həm diaspor quruculuğu, həm də milli maraqların müdafiəsi baxımından yeni çağırışlar yaradır.
Göründüyü kimi Rusiyada ağır təqib altında yaşayan Azərbaycan diasporunun yeni şəraitdə təşkilatlanma problemləri aktualdır. 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyada Azərbaycan diasporuna qarşı zorakılıq, ayrı-seçkilik, həbs və təzyiqlərin artması təsadüfi deyil və onların arxasında, heç şübhəsiz, siyasi məqsədlər və mesajlar durur.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra erməni lobbisi müxtəlif ölkələrdəki Azərbaycan diaspor üzvlərinə fərqli yollarla təzyiq edir: 
“Təəssüf ki, bu kimi bir çox hallar demokratik dövlətlərdə baş verir. Belə ki, soydaşlarımıza böhtanlar ataraq məsuliyyətə cəlb edir və ya töhmətlər verirlər. Hətta bəzən soydaşlarımıza qarşı sosial mediada qarayaxma kampaniyası aparır və fəaliyyət göstərdikləri yerlərə şikayət ünvanlayırlar. Hətta xaricdə ölümlə təhdid edilən soydaşlarımız da var.
Diasporumuza qarşı eyni təhlükə hələ də davam edir. Xüsusən Rusiyada soydaşlarımıza son bir ildə daha aqressiv şəkildə təzyiqlər edilir. İyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlıları kütləvi həbs etməsi və həmyerlilərimizə olunan zorakılıq bunun bariz nümunəsidir.
Yeri gəlmişkən, bu gün Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması və ya diaspora təşkilatlarının bağlanması hallarına da rast gəlinir”. 
F.Hüseynzadə qeyd edib ki, ümumiyyətlə, Rusiyada bir çox diaspor üzvünə təşkilatları bağlamaqla bağlı dolayısı ilə xəbərdarlıq edilib və onlar da sakitcə təşkilatın fəaliyyətini dayandırıblar: 
“Bunun da altından erməni izinin çıxması şəksizdir. Çünki Rusiyadakı quberniya administrasiyalarında saysız ermənilər yüksək vəzifələrdə çalışırlar. Onlar da indiki vəziyyətdə Azərbaycan-Rusiya münasibətlərindən istifadə edərək, maksimum səylə imkan düşdükcə bizim diaspor üzvlərinə ləklə yaxmağa çalışırlar.
Rusiyada Azərbaycan diasporuna qarşı zorakılıq, ayrı-seçkilik, həbslər və təzyiqlərin artması təsadüfi deyil və onların arxasında, heç şübhəsiz, siyasi məqsədlər və mesajlar durur. Rusiyada yaşayan azərbaycanlı diaspor nümayəndələri zaman-zaman həm yerli icmalarda, həm də beynəlxalq səviyyədə fəal olublar. Onların ictimai fəallığı, xüsusilə Qarabağ müharibəsi dövründə və sonrasında Azərbaycan dövləti ilə sıx təmasda olması Rusiyada bəzi dairələrdə narahatlıq doğurub. Görünür, Kreml diaspor üzərində nəzarəti artırmağa çalışır. Şahin Şıxlinski və Elşən İbrahimov kimi tanınmış şəxslərə qarşı atılan addımlar digərlərinə "səssiz olun" mesajı verir.
Rusiyanın postsovet ölkələri ilə münasibətlərində qeyri-rəsmi təzyiq vasitələrindən biri də həmin ölkələrin diaspor nümayəndələrinə təzyiq göstərməkdir. Deportasiya, vətəndaşlıqdan çıxarma və hüquqi təzyiqlər bu baxımdan siyasi alətə çevrilir. Fikrimizcə, xaricdəki soydaşlarımızın da təhlükəsizliyi qorunmalıdır. Artıq bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib”.
Professor Məhərrəm Zülfüqarlı isə bildirib ki, diaspor hər bir müstəqil dövlətin xarici ölkələrdə imicini artıran, onun problemlərinin həllinə dəstək verən qurumlardır, Azərbaycan xalqı da vətənpərvər xalq olduğuna görə başqa ölkələrdə yaşayan azərbaycanlılar Vətənə bağlıdırlar: 
"Qərb ölkələrində Azərbaycan diasporu əsasən qardaş Türkiyə diasporu ilə əməkdaşlıq edir, hətta tədbirlərini də bir yerdə keçirirdilər.
Rusiyadakı Azərbaycan diasporunda isə vəziyyət başqadır. Çünki qanunlar işləməyən, avtoritar, totalitar rejimlərdə başqa ölkələrin diasporunun işləməsi çox çətindir, bir çox hallarda müşküldür. Həmin ölkələr o dövlətə münasibət yaxşı olduğu vaxtlarda diaspor təşkilatlarına dəyib-toxunmurlar, fəaliyyətinə şərait yaradırlar, maneçilik törətmirlər. Münasibətlər pisləşəndə isə diasporların nümayəndələrinə qarşı saxta ittihamlar irəli sürülür, təzyiq siyasəti yeridilir. İndiki dövrdə Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasət həm də diaspora təzyiqlərlə özünü göstərir. Yekaterinburqdakı hadisə, oradakı diaspor rəhbərinin şərlənərək həbsi və sair bunun göstəricisidir. Mənə belə gəlir ki, yaxın gələcəkdə Rusiyada rejim dəyişərsə, qanunlara söykənən bir hakimiyyət qurularsa, orada olan Azərbaycan diasporunun da, digər ölkələrin də diasporunun fəaliyyətində çox müsbət irəliləyişlər ola bilər.
Baxmayaraq ki, təzyiqlər, təqiblər, saxta ittihamlar var, bu ağır şəraitdə fəaliyyət göstərən bizim diaspor təşkilatlarımızın fəaliyyətini təqdir etmək, onlara ruh vermək lazımdır. Onlara lazım gəldikcə səfirlik vasitəsilə də dəstəyi əsirgəməməliyik. Çünki diaspor elə bir qurumdur ki, onun fəaliyyəti vacibdir. O diaspor qurumlarının rəhbərləri və təmsilçiləri orada yaşayır, fəaliyyət göstərirlər, hətta bir çoxları Rusiya vətəndaşıdır, onların orada iş yerləri var. Gələcəkdə onların işdən çıxarılmasının, hüquqlarının tapdanmasının qarşısının alınması üçün biz beynəlxalq qurumlarla və səfirlik vasitəsilə diplomatik səylərimizi artırmalıyıq”.
Rusiyadakı diaspor təşkilatlarımıza qarşı qanunsuz hərəkətlərin əsas səbəblərinin birinin Rusiya-Ukrayna müharibəsi olduğunu deyən M.Zülfüqarlı qeyd edib ki, Rusiyanın canlı qüvvəsi tükəndiyindən, Şimali Koreyadan muzdlu əsgərlər gətirməklə yanaşı, başqa ölkələrdən, qonşu dövlətlərdən gəlib oroda yaşayıb işləyən insanları da bu müharibəyə cəlb etmək istəyir.
 “Yəni bu təzyiqlərin kökündə olan səbəblərdən biri budur ki, Rusiya orada yaşayan azərbaycanlıları da bu çirkin müharibəyə cəlb etmək və öz çirkin, məkrli niyyətlərinə qurban vermək istəyir. Əlbəttə, buna qarşı bizim diasporumuz mübarizə aparır. 
Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi bitəndən sonra Azərbaycan diasporu öz fəaliyyətini normal şəkildə bərpa edəcək. 
Rusiyadakı Azərbaycan diasporunun qarşılaşdığı bu ağır vəziyyət keçib gedəcək, bu, daimi hökm sürməyəcək, yaxın gələcəkdə münasibətlərin normallaşmasının şahidi olacağıq".