Kılıçdaroğlu ilk mesajını verdi: “CHP ayrılıq deyil, birlik partiyasıdır”

Kamal Kılıçdaroğlu Cumhuriyyət Xalq Partiyası ilə bağlı “mütləq etibarsızlıq” qərarından sonra sosial media hesabında ilk açıqlamasını yayıb.

Xatırladaq ki, Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası partiyanın 38-ci Qurultayı ilə bağlı verdiyi qərarda Özgür Özəl rəhbərliyinin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılmasına, əvvəlki rəhbərliyin isə səlahiyyətlərinin bərpa olunmasına qərar vermişdi.

Sherg.az xəbər verir ki, Kılıçdaroğlu açıqlamasında CHP-nin daxili mübahisələrin mərkəzi deyil, xalqın iradəsini təmsil edən bir partiya olduğunu vurğulayıb:

“Cumhuriyyət Xalq Partiyası xalqımızın suverenlik sənədidir. 38-ci Qurultayla bağlı məhkəmə qərarı ayrılıq deyil, əksinə köklü çinarımızın altında birləşmək üçün fürsət olmalıdır. Bu gün sevinclə bir-birimizi incitmək günü deyil”.

O bildirib ki, proses emosiyalarla deyil, sakitlik və partiya mədəniyyəti ilə idarə olunmalıdır:

“Hamını təmkinə və ortaq ağıla dəvət edirəm. Bu prosesi əvvəlki dövrün rəhbərləri, partiya məclisi üzvləri, millət vəkilləri və yerli təşkilatlarla birlikdə idarə edəcəyik. Partiyanı bu müzakirələrdən çıxarıb yenidən iqtidar hədəfinə yönəldəcəyik”.

Kılıçdaroğlu vurğulayıb ki, əsas məqsəd şəxsi maraqlar deyil, ölkənin gələcəyidir:

“Şəxsi ambisiyalar deyil, Türkiyənin gələcəyi əsasdır. Biz bu prosesi tam əməkdaşlıq və ortaq ağıl ilə idarə edəcəyik. Heç kim narahat olmasın, partiyamızı bu böhrandan çıxaracağıq”.

CHP-dən reaksiyalar gecikməyib. CHP İzmir millət vəkili Mahir Polat qərardan sonra partiyanın qarşısında açıqlama verərək bildirib ki, yargı qərarı ilə birlikdə Kılıçdaroğlunun yenidən vəzifəyə qayıtdığı hüquqi vəziyyət yaranıb.

O qeyd edib ki, CHP daxilində yeni dövrün başladığını və partiyanın siyasi fəaliyyətini daha güclü şəkildə davam etdirəcəyini düşünür:

“CHP siyasət istehsal edən, Türkiyənin problemlərinə fokuslanan bir partiya olacaq. Bu prosesdən daha da güclənərək çıxacağımıza inanıram”.

Polat həmçinin bildirib ki, Kılıçdaroğlu uyğun gördüyü vaxtda əlavə açıqlama verəcək və partiya daxilində geniş məsləhətləşmələr aparılacaq.