Hindistan Ali Məhkəməsinin sədri Surya Kantın gənclərlə bağlı mübahisəli açıqlamaları sosial şəbəkələrdə böyük rezonans doğurub və “Hamamböcəyi Xalq Partiyası” adlı satirik siyasi hərəkatın yaranmasına səbəb olub.
Sherg.az xəbər verir ki, Kant iş tapa bilməyən və peşəkar mühitdə özünə yer tapa bilməyən bəzi gəncləri “hamamböcəkləri”nə bənzədərək, onların sonradan media, sosial şəbəkə və ya fəallıq sahələrinə yönəldiyini bildirib. Bu sözlər xüsusilə Z nəsli arasında ciddi narazılıq yaradıb.
Müzakirələrdən sonra sosial şəbəkələrdə “Cockroach Janta Party” (Hamamböcəyi Xalq Partiyası – CJP) adlı yumoristik siyasi təşəbbüs meydana çıxıb. Hərəkatın Instagram səhifəsi cəmi beş gün ərzində 14,5 milyon izləyici toplayıb, yüz minlərlə istifadəçi isə ona qoşulduğunu bəyan edib.
Müqayisə üçün qeyd olunur ki, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Milli Demokratik Alyansın Instagram hesabının 8,8 milyon izləyicisi var.
Kant sonradan açıqlamasına aydınlıq gətirərək sözlərinin Hindistan gənclərinə deyil, saxta diplomlardan istifadə edən şəxslərə ünvanlandığını bildirsə də, yaranan reaksiyaların qarşısını ala bilməyib.