“47 ildir buradayıq”
Türkiyənin Dənizli vilayətindən yola çıxaraq sürüləri ilə birlikdə dağ cığırlarını aşan çobanlar çətin səfərdən sonra Kapıdağ yarımadasına çatırlar. Onlar altı ay ərzində sıldırım qayalarla əhatələnmiş bu ərazidə mağaralarda və sadə sığınacaqlarda təbiətlə iç-içə yaşayırlar. Yaz mövsümündə isə qoyunlarını Martı körfəzindən qayıqlara mindirərək Sarsala körfəzinə aparır və qeyri-adi mövsümi köçlərini tamamlayırlar.
Sherg.az xəbər verir ki, Dənizli bölgəsində heyvandarlıqla məşğul olan çobanlar hər il oktyabr ayında sərt qış şəraitindən yayınmaq üçün uzun və fərqli bir köç yoluna çıxırlar. Dörd gün davam edən yürüş zamanı qurulan çadırlar, keçilən dağ yolları və təbiətlə vəhdət təşkil edən həyat onları Dalaman rayonuna bağlı Kapıdağ yarımadasına gətirib çıxarır.
Müasir imkanlardan uzaq həyat
Yarımadada həyat müasir rahatlıqlardan uzaq olsa da, təbiətlə tam uyğunluq içində davam edir. Çobanlar mağaralarda toplanan yağış sularını saxlayaraq istifadə edir, sadə daxmalarda heyvanları ilə birlikdə yaşayırlar. Onların gündəlik həyatı sürülərin ritminə uyğun formalaşır.
Hər heyvana verilən xüsusi adlar insanla heyvan arasında güclü bağ yaradır. Osmanlı dövründən qaldığı ehtimal edilən qədim su hovuzları isə bu gün də heyvanların su ehtiyacını ödəyir.
Təbii gözəllikləri və tarixi qalıqları ilə turistlərin də maraq göstərdiyi yarımadada çobanlar bir tərəfdən heyvanlarına qulluq edir, digər tərəfdən öz becərdikləri məhsullar və məhdud alış-veriş hesabına yaşayırlar.
Elektrik və şəbəkə suyunun olmadığı ərazidə ailələr təbiətin təqdim etdiyi imkanlarla kifayətlənərək otlaq sisteminin qorunmasına çalışırlar.
Altı aylıq həyatın ardından dəniz səyahəti başlayır
Altı aylıq yaylaq həyatından sonra geri dönüş hazırlıqları başlayır. Sürülər təxminən bir saat yarımlıq piyada yürüşdən sonra Martı körfəzinə endirilir.
Firuzəyi rəngli suları ilə tanınan körfəz səhər tezdən tamam fərqli mənzərəyə bürünür. Çobanlar birlikdə qoyunları qayıqlara mindirir, sakit dənizin üzərində hərəkət edən sürülər isə sanki sənədli filmdən bir səhnəni xatırladır.
Təxminən 25 dəqiqə davam edən dəniz səyahəti zamanı bəzi heyvanlar narahatlıq keçirsə də, çobanların təcrübəsi sayəsində bütün sürü təhlükəsiz şəkildə qarşı sahilə çatdırılır. Daha sonra heyvanlar yük maşınlarına yüklənərək yenidən Dənizliyə aparılır.
Bu səfər dənizin sakitliyi ilə qayalı dağ yollarının çətinliyini birləşdirən, həm insanın, həm də heyvanların dözümlülüyünü sınağa çəkən nadir köç hekayələrindən biridir.
Bir vaxtlar 90 ailə vardı, indi cəmi 8 ailə qalıb
Yarımadada yaşayan çobanlar özlərini bölgənin “səssiz qoruyucuları” hesab edirlər. Lakin illər keçdikcə çobanların sayı sürətlə azalır.
Bir zamanlar burada 90 ailə yaşayırdısa, hazırda yalnız 8 ailə qalıb. Gənc nəslin bu peşəyə maraq göstərməməsi azalmanı daha da sürətləndirir.
Quruda başlayıb dənizdə davam edən bu qeyri-adi köç ənənəsi təbiətlə qurulan əlaqənin ən saf nümunələrindən biri kimi nəsildən-nəslə ötürülərək yaşamaqda davam edir.
“Burada keçilərimiz və inəklərimizlə yaşayırıq”
23 ildir həyat yoldaşı ilə birlikdə çobanlıq edən Hanifə Balcı bildirib:
“Gəlin gəldiyim gündən buradayam. Uşağıma xalası baxırdı, çünki burada ona baxmaq çətin idi. Keçilərimiz və inəklərimizlə birlikdə yaşayırıq. Həyat çox çətindir, nəqliyyat problemlidir, amma heyvanlarımızı çox sevirik. Onlar bizim dolanışıq mənbəyimizdir”.
Onun sözlərinə görə, yaylaqda elektrik və su yoxdur, buna baxmayaraq heyvanlarla yaşamaq onların həyatına xüsusi məna qatır:
“Qışda yağan yağışı toplayıb yayda istifadə edirik. Mağarada saxladığımız su yalnız içmək üçündür. Gənclərə səslənirəm ki, gəlib bu işlə məşğul olsunlar. Heyvandarlıq yox olmağa doğru gedir. Biz burada çobanıq, eyni zamanda bu ərazinin qoruyucusuyuq. Tarixi abidələr var, bəzən qanunsuz qazıntılar aparmağa çalışırlar, biz buna mane oluruq. Əslində bir növ gözətçiyik. Həyat yoldaşımın 47 yaşı var və 47 ildir buradadır”.
“Heyvanlarla aramızdakı bağ insanlardan daha güclüdür”
Ata-baba peşəsini davam etdirən Mutlu Sönməz isə uşaqlıqdan heyvandarlıqla məşğul olduğunu deyib:
“150-200 baş heyvanla yaşayırıq. Bəslik heyvanları qayıqla daşıyırıq. Heyvanları qayığa mindirmək üçün çox adam lazımdır. Səyahət zamanı qorxudan ətrafa baxırlar. Burada hər şey məhdud istifadə olunur, çünki nəqliyyat çətindir. Heyvanlarla aramızdakı bağ bəzən insanlardan daha güclüdür”.
Sönməz bildirib ki, sürüdə xüsusi ad verilmiş heyvanlar da var:
“Məsələn, Zəliş adlı qoyunumuz var”.
Onun sözlərinə görə, 1990-cı illərdə yarımadada 90 çoban ailəsi yaşayırdı, indi isə yalnız 8 ailə qalıb:
“Yeni nəsil bu işi davam etdirmir. Məndən sonra bu peşəni davam etdirən olmayacaq. Gün boyu heyvanlarla məşğul oluruq. İldə bir dəfə qayıqla daşınma həyata keçirilir, ildə iki dəfə isə dörd günlük piyada köç edirik”.
“Bu iş pul üçün deyil, ürək işidir”
Uşaqlıqdan heyvandarlıqla məşğul olan və sonradan dəniz daşımaları sahəsində çalışan dalamanlı kapitan Necip Türk illərdir çobanlara kömək etdiyini bildirib:
“Bir neçə gün əvvəl dağlara çıxıb heyvanları toplayırıq, sonra onları Martı körfəzinə endiririk və qayıqla Sarsala körfəzinə aparırıq. Qayıqla səyahət təxminən 25 dəqiqə çəkir”.
Kapitan maraqlı hadisələrdən də danışıb:
“Heyvanlar dənizdən qorxduqları üçün sakit qalırlar. Bəzən sahilə tez çatmaq istəyən heyvanlar suya düşür, dərhal çıxarırıq. Maraqlı hadisələr də olur. Məsələn, toyuqlar uçub dənizə düşür, biz də suya atılıb onları xilas edirik. Turistlər bunu görəndə təəccüblənirlər. Bu işi sevərək görürəm. Bu, pul qazanmaq üçün deyil, ürəklə görülən işdir”.