SON DƏQİQƏ: Bir şəhər sel təhlükəsinə hazırlanır - 15 min nəfər təxliyə olundu

Türkiyənin Tokat vilayətinin Turhal rayonunda Almus Su Anbarı maksimum doluluq səviyyəsinə çatdığı üçün daşqın riski yaranıb. Bununla əlaqədar rayon mərkəzindən keçən Yeşilırmak çayı boyunca nəhəng qaya parçalarından ibarət 9 kilometrlik mühafizə səddi qurulub.

Sherg.az xəbər verir ki, Fövqəladə Hallar və Təcili Yardım Koordinasiya Şurası, Dövlət Su İşləri Baş İdarəsi (DSİ) və Meteorologiya Baş İdarəsindən daxil olan son məlumatlar əsasında təcili iclas keçirib. Qiymətləndirmə zamanı Almus Su Anbarının tam dolduğu və artıq daşqınötürücü kanallar vasitəsilə suyun axıdılmasına başlanıldığı bildirilib.

Nəhəng qayalarla 9 kilometrlik müdafiə xətti

DSİ, Tokat Vilayət Xüsusi İdarəsi və bələdiyyə əməkdaşlarının birgə həyata keçirdiyi işlər çərçivəsində suyun dağıdıcı təsirini azaltmaq üçün xüsusilə şəhər mərkəzində tonlarla çəkisi olan iri qaya parçalarından istifadə olunub.

Çay boyunca 9 kilometrlik möhkəmləndirmə xətti yaradılıb. Tikinti texnikasının köməyi ilə üst-üstə yığılan qayalar demək olar ki, divar formasına salınıb. Məqsəd daşqın sularının yaşayış məntəqələrinə çatmasının qarşısını almaqdır. Ərazidə təhlükəsizlik tədbirləri və monitorinq işləri davam etdirilir.

Daşqın riski altında olan Yeşilırmakın Tokatdan keçən hissəsi pilotsuz uçuş aparatı ilə görüntülənib. Şəhərdə gecə saatlarından başlayan leysan yağışları isə fasilələrlə davam edir.

AFAD sədri: Bütün qurumlar səfərbər olunub

Ali Hamza Pehlivan bildirib ki, Tokatda gözlənilən sel və daşqın təhlükəsi ilə əlaqədar 15 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Onun sözlərinə görə, bölgədəki su anbarlarında doluluq səviyyəsinin maksimum həddə çatması riskləri artırıb:

“Bütün təbii fəlakətlərdə olduğu kimi, burada da yalnız müdaxilə deyil, eyni zamanda risklərin azaldılması tədbirləri paralel şəkildə həyata keçirilir”.

Pehlivan qeyd edib ki, elmi qiymətləndirmələr əsasında bəzi körpülər də sökülüb. O cümlədən Tokat şəhər mərkəzində Yeşilırmak üzərində yerləşən ÇEDAŞ körpüsü daşqın riskini azaltmaq məqsədilə nəzarətli şəkildə dağıdılıb.

15 min sakin təhlükəsiz ərazilərə yerləşdirildi

AFAD rəhbərinin sözlərinə görə, 4 mindən çox ev boşaldılıb və təxminən 15 min nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.

“Almus Su Anbarı 100 faiz dolub və daşqınötürücü kanallardan su buraxılmağa başlanılıb. Bununla yanaşı, Kılıçkaya Su Anbarı da Kelkit vadisində su səviyyəsinin yüksəlməsinə səbəb olub. Tokatın demək olar ki, bütün rayonlarında həm bəndlərin möhkəmləndirilməsi, həm təxliyə, həm də fövqəladə müdaxilə tədbirləri həyata keçirilib”, – deyə o vurğulayıb.

Almus Su Anbarında 33 ildən sonra su buraxıldı

Almus Hidroelektrik Stansiyası 100 faiz doluluq həddinə çatdıqdan sonra 33 ildən sonra ilk dəfə daşqınötürücü qurğular vasitəsilə suyun buraxılmasına başlanılıb. Nəticədə Yeşilırmak çayında suyun sərfinin daha da artacağı və yeni sel hadisələrinin baş verə biləcəyi ehtimal olunur.

Daşqın təhlükəsinə görə körpü söküldü

Güclü yağışlardan sonra yaranan risklə əlaqədar Tokatın Yeni Yeşil Kiçik Sənaye Sahəsi ərazisində Yeşilırmak üzərində yerləşən körpü nəzarətli şəkildə sökülüb. Texniki araşdırmalar zamanı körpünün su axınını məhdudlaşdıraraq daşqın təhlükəsini artırdığı müəyyən edilib və onun sökülməsi barədə birgə qərar qəbul olunub.

Jandarma kəndlərdə əhaliyə xəbərdarlıq edir

Turhal Fəlakətlərin Koordinasiyası Şurasının qərarı ilə bölgəyə göndərilən jandarma əməkdaşları səsgücləndiricilər vasitəsilə sakinlərə xəbərdarlıq edir. Çay yatağına yaxın ərazilərdə yaşayan vətəndaşlardan ehtiyat tədbiri olaraq evlərini tərk etmələri xahiş olunur.

Məktəblərdə dərslər dayandırılıb

Tokat Valiliyi Yeşilırmak çayı və onu qidalandıran qollarda daşqın təhlükəsinin davam etdiyini nəzərə alaraq Turhal rayonunda tədris prosesinin üç gün müddətinə dayandırıldığını açıqlayıb.