Türkiyənin müdafiə sənayesi artan ixrac həcmi və birgə istehsal layihələri sayəsində Avropada getdikcə daha güclü mövqe qazanır. İspaniyadan İtaliyaya, Rumıniyadan Portuqaliyaya qədər uzanan əməkdaşlıqlar Türkiyənin qitənin müdafiə balansına təsir edən əsas aktorlardan birinə çevrildiyini göstərir.
Son illərdə Türkiyə ilə Avropa ölkələri arasında müdafiə sənayesi sahəsində münasibətlər nəzərəçarpacaq dərəcədə dəyişib. Türk mühəndislərinin hazırladığı platforma və sistemlər Avropada artan müdafiə tələbatı fonunda qitənin əsas təchizat məhsulları sırasında yer almağa başlayıb.
TRT Haber-in araşdırmasına görə, Avropada dəyişən təhlükəsizlik arxitekturası və istehsal imkanlarının məhdudluğu Türkiyə ilə əməkdaşlıq axtarışlarını sürətləndirib. Türk müdafiə sənayesi şirkətləri İspaniyadan İtaliyaya, Rumıniyadan Portuqaliyaya qədər geniş coğrafiyada birgə istehsal və inteqrasiya layihələri ilə diqqət çəkir.
“Avropadakı çıxılmaz vəziyyət Türkiyə ilə həll oluna bilər”
Müdafiə sənayesi üzrə mütəxəssislərin fikrincə, Avropa ölkələri bəzi strateji platformaların istehsalında qısamüddətli perspektivdə tələb olunan səviyyəyə çatmaqda çətinlik çəkir.
ABŞ mərkəzli təchizat zəncirlərində yaranan sıxlıq da alternativ tərəfdaşlıqları gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, Türkiyənin yüksək texnologiyalı və artıq sınaqdan çıxmış məhsulları bu boşluğu qismən doldura bilər.
Türkiyə Avropa bazarında daha görünən oyunçuya çevrilir
Məlumata görə, Türkiyə inkişaf etdirdiyi yüksək texnologiyalı platformalar və istehsal gücü sayəsində Avropa bazarında getdikcə daha çox diqqət çəkir.
İxracda rekord göstəricilər
Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı 2024-cü ildə 7,1 milyard dollar səviyyəsinə çatıb. 2025-ci ildə isə bu göstəricinin 10 milyard dolları keçdiyi bildirilir.
İxracın təxminən 56 faizinin NATO müttəfiqləri, Avropa İttifaqı ölkələri və ABŞ bazarına yönəldiyi qeyd olunur.
Böyük müqavilələr diqqət çəkir
Türkiyənin Avropa ilə müdafiə sahəsində əməkdaşlığı son dövrdə bir sıra mühüm razılaşmalarla yadda qalıb.
Türk Aerokosmik Sənaye Şirkəti (TUSAŞ) ilə İspaniya arasında imzalanmış və dəyəri 3 milyard avronu aşan HÜRJET layihəsi çərçivəsində istehsalın mühüm hissəsinin İspaniyada həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, Baykarnın Piaggio Aerospaceni satın alması və Baykar ilə Leonardo arasında yaradılan LBA Systems tərəfdaşlığı Avropada istehsal inteqrasiyasının yeni nümunələri kimi qiymətləndirilir.
Eyni zamanda, STMnin Portuqaliya üçün iki logistika dəstək gəmisinin inşası layihəsi də Türkiyə dəniz platformalarının Avropadakı mövqeyini gücləndirən addımlardan hesab olunur.
Quru, hava və dəniz platformalarında genişlənmə
Polşanın Bayraktar TB2 alması ilə başlayan əməkdaşlıq daha sonra ASELSANın təqdim etdiyi radioelektron mübarizə və radar sistemləri ilə yeni mərhələyə keçib.
Otokarnin Rumıniya ilə imzaladığı zirehli texnika müqaviləsi çərçivəsində istehsal olunan Cobra II maşınlarının Avropa İttifaqı ərazisində istehsal ediləcək ilk türk zirehli platformalarından biri olacağı bildirilir.
Türkiyə ilə Avropa arasında yeni əməkdaşlıq modeli formalaşır
Müdafiə sənayesi sahəsində Türkiyə ilə Avropa ölkələri arasındakı münasibətlərin artıq yalnız məhsul tədarükü ilə məhdudlaşmadığı vurğulanır. Əməkdaşlıq birgə istehsal, zavod investisiyaları və sistem inteqrasiyası istiqamətlərində də dərinləşir.
Məlumata görə, Avropa İttifaqının SAFE proqramı çərçivəsində yaradılması planlaşdırılan 150 milyard avroluq kredit mexanizmində komponentlərin bir hissəsinin Türkiyə kimi tərəfdaş ölkələrdən alınması məsələsi də müzakirə olunur.
Mütəxəssislər qeyd edirlər ki, Türkiyə artıq yalnız müdafiə məhsulları ixrac edən ölkə deyil, həm də birgə istehsalçı və sistem hazırlayan strateji tərəfdaşa çevrilib. Xüsusilə Rumıniya, İtaliya, İspaniya, Polşa və Şərqi Avropa ölkələrinin bu transformasiyada ön plana çıxdığı, Türkiyənin Avropa müdafiə ekosistemindəki rolunun yaxın illərdə daha da güclənəcəyinin gözlənildiyi vurğulanır.