Qızılın ucuzlaşması müvəqqətidir, yenidən bahalaşacaq - Ekspert

“ABŞ-da faiz endirimi başlasa, qızıl yenidən rekordlara gedə bilər”

Qlobal əmtəə bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma həm beynəlxalq investorların davranışında, həm də yerli bazarda ciddi dəyişikliklər yaradıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiymətinin 4529 dollara qədər geriləməsi qiymətli metalın son aylarda ən böyük dəyər itkilərindən biri kimi qiymətləndirilir.

Yanvar ayında 5600 dollar səviyyəsində ticarət olunan qızılın qısa müddətdə 1000 dollardan çox ucuzlaşması bazarda yeni tendensiyaların formalaşdığını göstərir. Proses yerli bazarda qızılın qramının alış qiymətinin 170 manatdan 130 manata düşməsinə səbəb olub.

Ekspertlər hesab edirlər ki, qiymət azalmasının arxasında qlobal iqtisadi proseslər, ABŞ-nin faiz siyasəti, dolların möhkəmlənməsi və investorların risk iştahasındakı dəyişikliklər dayanır. Gümüş bazarında da eniş müşahidə olunsa da, itkilərin daha məhdud olması diqqət çəkir. Mövcud vəziyyət qiymətli metallar bazarında yaxın dövr üçün yeni risk və gözləntiləri gündəmə gətirib.

Mövzunu şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sherg.az-a bildirib ki, qızılın son dövrdə ucuzlaşmasının əsas səbəbi əvvəlki aylarda qiymətin çox sürətli və yüksək həddə qalxmasıdır:

“Belə hallarda bazarda mənfəət götürmək istəyən investorlar satış edir və bu da qiymətdə geri çəkilmə yaradır. Bundan başqa, ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək qalması və bəzi geosiyasi risklərin nisbətən zəifləməsi də qızıla olan təzyiqi artırıb. Çünki investorlar risk azaldıqda yenidən dollar və istiqraz kimi alətlərə yönəlirlər.

Ancaq ümumi mənzərə onu deməyə əsas verir ki, qızılın uzunmüddətli perspektivdə yenidən bahalaşa biləcəyi mümkündür. Bunun səbəbi dünyada iqtisadi böhran gözləntisinin aradan qalxmaması, inflyasiya riskinin tam bitməməsi, mərkəzi bankların qızıl alışlarını davam etdirməsi və qlobal siyasi-iqtisadi qeyri-müəyyənliyin qalmasıdır. ABŞ-da faiz endirimləri başlasa və dollar zəifləsə, bu, qızıl üçün yenidən yüksəliş siqnalı ola bilər”.

Ekspert qeyd edib ki, hazırkı ucuzlaşma daha çox qısamüddətli düzəliş kimi görünür: “Lakin qızıl bazarı həmişə həssas olduğuna görə yaxın aylarda həm eniş, həm də yenidən artım dalğaları mümkündür”.