Son illər bir çox cütlük fiziki olaraq eyni həyatı paylaşsa da, emosional baxımdan bir-birindən uzaqlaşır. Mütəxəssislər bildirirlər ki, bu yadlaşma adətən qəfil deyil, zamanla və səssiz şəkildə baş verir.
Sherg.az xəbər verir ki, terapevt Sevilay Abudaramnin sözlərinə görə, münasibətlərdə yadlaşmanın əsas səbəblərindən biri həll olunmamış ünsiyyət problemləridir. Danışılmayan məsələlər, ertələnən mübahisələr və ifadə olunmayan hisslər zamanla tərəflər arasında emosional məsafə yaradır.
Mütəxəssis qeyd edir ki, insanların şəxsi inkişafı və həyat tərzi eyni sürətlə dəyişmədikdə də münasibətlərdə uzaqlaşma müşahidə olunur. Tərəflərdən biri yeniliklərə və ortaq fəaliyyətlərə daha açıq olduğu halda, digəri bu prosesə uyğunlaşmır.
Bundan başqa, evlilik, uşağın dünyaya gəlməsi, karyera dəyişiklikləri və artan məsuliyyətlər də münasibətlərin dinamikasına təsir göstərir. Bu mərhələlərdə tərəflər yeni şəraitə uyğunlaşa bilmədikdə emosional bağ zəifləyə bilər.
Psixoloq vurğulayır ki, münasibətdə yaranan yadlaşma hər zaman son demək deyil. Problemlər vaxtında üzə çıxarılıb müzakirə edildikdə, cütlüklər arasında emosional yaxınlıq yenidən bərpa olunur. Onun fikrincə, yadlaşmanı münasibətin bitməsi kimi deyil, köməyə ehtiyac duyduğunun bir siqnalı kimi qiymətləndirmək lazımdır.