Gənclər diqqət üçün tariximizə zərər vururlar - Sosioloq səbəbləri açıqladı

Bir çoxu bu davranışları sosial şəbəkələrdə izlədikləri kontentdən mənimsəyir

Beləliklə gənclər qlobal təsirlər altında mədəni dəyərləri pozmağı “azadlıq” kimi görməyə başlayırlar

Ötən gün Azərbaycanın mədəni abidəsi kimi qorunan Nizami Kino Mərkəzi bir qrup "vandalın" hücumuna məruz qalıb. Ürəyindəki nifrəti, kini və hörmətsizliyi dəftərə tökə bilməyənlər yazı lövhəsi kimi mədəniyyət binasını seçiblər.

Araşdırsaz görərsiz ki, teatra gedən gənclərin sayı divarlara nalayiq ifadələr yazanların sayından azdır. Görünür gənclər, divarlarda söyüşdən qurduqları ssenari ilə "tamaşa" göstərmək istəyiblər. Gənclərin enerjisini yaradıcılığa və incəsənətə yönəltmək əvəzinə onun məhvinə səbəb olması, cəmiyyətin mədəni və sosial mühitindəki boşluqlardan xəbər verir. Çoxu bu yazılara “Qraffit” adı versə də, mənzərə başqadır. “Qraffit” özündə sənət nümunəsi əks etdirməlidir. Lakin kinoteatrın divarlarına baxanda, əsərdən ziyadə mədəniyyət abidəsinin "əsir" düşdüyünün şahidi oluruq.

Mövzu ilə bağlı sosioloq Naib Nİftəliyev Sherg.az-a bildirib ki, mədəniyyət abidələrinə qəsdən zərər vurmaq Azərbaycan gənclərinə yaraşmayan hərəkətdir:

“Qarabağda tarixi-mədəni abidələrimizi məhv edən ermənilərlə ölkə daxilində bu irsə zərər vuranlar arasında fərq qoymaq çətindir. Türk milləti tarix boyu həm mədəniyyətinə, həm də tarixi irsinə hörmətlə yanaşmış, abidələri isə dini mənsubiyyətindən asılı olmayaraq qorumuşdur. Lakin azərbaycanlıların ənənəsinə xələl gətirən şəxslər də az deyil. Bu isə tərbiyə çatışmazlığı, mədəni gerilik və qlobal təsirlərin yaratdığı mənfi nəticələrdən qaynaqlanır”.  

Sosioloqun sözlərinə görə bəzi insanlar özlərini “göstərmək” və ya “diqqət çəkmək” üçün tarixi-mədəni dəyərlərə zərər vururlar:

“Təbii ki, cəmiyyət bunu qəbul etmir. Onlar da qəbuledilməz davranışları normallaşdıraraq, “istədiyimizi edərik” tipli mesajların daşıyıcısına çevrilirlər. Lakin bunlar cəmiyyətin mədəni, mənəvi və əxlaqi dəyərlərinə qarşı yönəlmiş xoşagəlməz addımlardan biridir. Gənclərin etikadan kənara çıxmasının obyektiv və subyektiv səbəbləri var. Ailə mühiti, qlobal təsirlərin güclənməsi və insanların kütləvi şəkildə sosial şəbəkələrə inteqrasiya olunması real həyatla virtual məkan arasındakı sərhədlərin silinməsinə səbəb olur”. 

N. Niftəliyev vurğulayıb ki, gənclərin davranışlarına təsir edən mühüm amillərdən biri də sosial rifah səviyyəsidir:

“Bəzi insanlar yaxşı həyat qurmaq üçün zəhmət çəkmək əvəzinə, qeyri-etik davranışlarla diqqət mərkəzinə düşməyə üstünlük verirlər. Hətta, onlar cəmiyyətə qarşı gücsüz qaldıqda, qəzəblərini tarixi abidələrdən çıxırlar. Bununla da, özlərinin dırnaqarası var-dövlətini təsdiqlədiklərini düşünürlər. Əgər bu cür yanlış düşüncə tərzi ailə mühiti və ya qlobal təsirlərin nəticəsində formalaşıbsa, onu dəyişmək olduqca çətindir. Elə bir dövrdəyik ki, hər kəs öz əxlaqını və davranışını nisbi olaraq müstəqil hesab edir”. 

Sosioloqun fikrincə, texnoloji imkanlar əxlaqi dəyərləri daha da kövrəkləşdirir:

“Məsələn, əxlaqi dəyərlərdən uzaq olanlar, fərdi məkanları məsuliyyətsizliyə açılmış qapı kimi görüb, istənilən hərəkəti sərbəst şəkildə edəcəklərini düşünürlər. Bir çoxu bu davranışları sosial şəbəkələrdə izlədikləri kontentdən mənimsəyir. Beləliklə gənclər qlobal təsirlər altında mədəni dəyərləri pozmağı “azadlıq” kimi görməyə başlayırlar. Onların davranışlarına birbaşa müdaxilə etmədən, normalar və qanunlar çərçivəsində tənzimləmə mexanizmlərini gücləndirmək vacibdir. Eyni zamanda, ictimai qınağın təsiri də bu prosesdə mühüm rol oynayır”.