İnsan orqanizmi üç fərqli növ göz yaşı – bazal, reflektor və emosional göz yaşı ifraz edir. Alimlər bildirirlər ki, bu göz yaşlarının kimyəvi tərkibi və funksiyaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Sherg.az xəbər verir ki, araşdırmalara görə, bazal göz yaşı gözün daim nəm qalmasını təmin edir və onu xarici təsirlərdən qoruyur. Reflektor göz yaşı isə soğan doğrayarkən, tüstü və ya küləyin təsiri nəticəsində yaranır. Bu növ göz yaşı daha çox sudan ibarət olur və gözü qıcıqlandırıcı maddələrdən təmizləməyə xidmət edir.
Ən maraqlı növ isə emosional göz yaşıdır. Mütəxəssislərin sözlərinə görə, kədər, sevinc və ya güclü həyəcan zamanı axan göz yaşlarında stress hormonları, həmçinin orqanizmin istehsal etdiyi təbii ağrıkəsici maddələr – o cümlədən lösin enkefalin daha çox olur. Bu səbəbdən insanlar ağladıqdan sonra özlərini psixoloji cəhətdən daha rahat hiss edə bilirlər.
Alimlər qeyd edirlər ki, emosional səbəblərlə ağlama qabiliyyəti yalnız insana məxsusdur və bunun insanların sosial münasibətlərinin və empati hissinin inkişafı ilə əlaqəli olduğu düşünülür.
Araşdırmalar həmçinin göstərib ki, göz yaşı quruduqdan sonra mikroskop altında əmələ gətirdiyi kristal naxışlar da fərqlənir. Sevinc və kədər göz yaşlarının formaları qar dənəcikləri kimi bir-birindən tamamilə fərqli və özünəməxsus olur. Bu isə insan orqanizminin emosiyalara verdiyi mürəkkəb fizioloji reaksiyanın göstəricisi hesab edilir.