"Televiziyaların dinlə bağlı proqramları ilə, müraciət etdikləri, efirə çıxardıqları ekspertlərlə bağlı ciddi nöqsanlar var".
"Deyiləsi, danışılası, təbliğ olunası çox şey var, buna ehtiyac da var. Lakin təəssüf ki, şərait, imkan yoxdur. Televiziyalarda sağlam dini maarifçilik üçün normal imkanların olması vacibdir. Sağlam, formal olmayan proqramlar hazırlanmalı, mötədil mütəxəssislərlə müzakirələr, söhbətlər olmalıdır".
Bunu Sherg.az-a ilahiyyatçı Tural İrfan deyib.
O, qeyd edib ki, hər kanalın öz məzhəbi var sanki:
"Müəyyən dini bayram və əlamətdar günlərdə hərəsi öz həmməzhəbi olan ilahiyyatçıdan müsahibə alır yaxud verilişə dəvət edir. Bəzi telekanalların, mətbu qurumların da məzhəbi varsa daha nə demək olar?.. Bir qədər əvvəl həyəcan təbili çalmışdım. Artıq siyasi, ictimai dairələrdə, qurumlarda, təşkilatlarda məzhəbçilik qatılaşır. O məzhəbçilik ki, ən azı mənəvi - siyasi bağlarla xaricə körpü-müqəllidliyi var... Artıq tarixi şəxsiyyətlərə münasibət xalqa, Vətənə verdiyi ümumi faydaya görə deyil, onun məzhəbinə, görə dəyişir, formalaşır. Tarixə, mədəniyyətə, dinə baxışda məzhəbi qütbləşmə ölkənin gələcəyi üçün fəsadlıdır. Əgər mövzu dindirsə nə üçün din ilahiyyatçısını, dinşünası deyil, məzhəb ilahiyyatçısını, təriqət təmsilçisini ümumi din adı ilə təqdim edirsiniz? Onlar da hərəsi öz məzhəbinə uyğun olan "İslamı" təqdim etməklə əhalini ikitirəliyə aparır? Deyəsən çoxları din ilahiyyatçısı ilə məzhəb ilahiyyatçısını seçə bilmir?".
İlahiyyatçının sözlərinə görə, bu nöqsanları, problemləri düzəltmək üçün proqramlar hazırlamaq lazımdır:
"Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır. Ramazanda Ayı, Məhərrəmdə toyu böləmmirlər. Məzhəb ilahiyyatçılarını, məzhəbçi din xadimlərini ümumi İslam dininin təmsilçisi kimi bütün məzhəblərdən olan auditoriyaya xitab etmək üçün çıxarıb subyektiv fikirlərini, öz məzhəbinin rəylərini təbliğ etdirirlər. Bu kimi problemlər həll olunmasa vəhdət də tolerantlıq da süni və saxta olacaq. "Vəhdət namazı" qılıb sonra da namazını təzələyən, Qurandakı vəhdət ayəsinin özünü belə ixtilaf mənbəyinə çevirən zehniyyəti hansı adla, hansı ünvanınla çıxarıb məzhəbçi düşüncələrini əhaliyə sırımaq istəyirlər? Televiziyaların dinlə bağlı proqramları ilə, müraciət etdikləri, efirə çıxardıqları ekspertlərlə bağlı ciddi nöqsanlar var. Əsas və müəyyən olunmuş xətt olmalıdır. Yoxsa məzhəbçilik, regionbazlıq, tanışlıq zəminində xüsusilə xaricə ən az mənəvi bağlılığı hələ də davam edən adamları çıxarıb insanları aldatmaq məni bir mütəxəssis kimi mütəəssir edir. Əhalinin hamısı dinşünas, ilahiyyatçı, mütəxxəsis, ekspert deyil. Nə desən, necə desən çoxu qəbul edir, inanır. Bu fürsətdən sui-istifadə edərək mənəvi dəyərlərə qarşı belə münasibət qəbuledən deyil və yaxşı nəticələrə gətirib çıxarmaz".