İlqar Hüseynli: “Bir tikə çörəyə möhtac insanlar var - bu görüntülər hamımız üçün xəbərdarlıqdır”
Sosial şəbəkədə “dönər mübarizəsi”ni əks etdirən görüntülər cəmiyyətdə dərin məyusluqla qarşılanıb. Görüntülərdə hansısa bir şəxs tərəfindən kiçik pəncərədən dönər paylandığı, insanların bir-birini itələyərək basa-bas yaratdığı, dönər uğrunda əsl savaş aparıldığı əksini tapıb. Məlumatda qeyd edilir ki, hadisə paytaxtın Hövsan qəsəbəsində olub. Pulsuz dönər paylanacağını bilən əhali əraziyə axışıb. Görüntülərə baxdıqda bu hadisənin Bakıda deyil, Afrikanın aclıqla mübarizə aparan hansısa bölgəsində baş verdiyini düşünmək istəyirsən, amma fakt faklığında qalır. Bəli, bu hadisə paytaxt Bakının qəsəbələrindən birində baş verib. İnsanlar bir dönərdən ötrü bir-birini ayaqlayır, itələyir, önə keçməyə çalışır. Dönər uğrunda ölüm-dirim savaşı gedir. Yəqin ki Ramazan ayında xeyirxah əmələ sahib olmaq istəyən birisi dönər paylamaq, dönər ehsan etmək fikrinə düşüb, amma necə deyirlər, əlinı-üzünə bulaşdırıb.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda xidmət sektorunda təhsilli, savada, əhatəli dünyagörüşünə malik insanlar azdır:
- Dönərçinin də əməli, ola bilsin xoş niyyətdən irəli gəlib, nəsə xeyirxah bir əməl etmək istəyib. Dini inancından dolayı da ola bilər, yaxud da sadəcə, Ramazan ayında yaxşı əməl, nəsə ehsan etmək istəyib. Ramazan ayında iftar süfrələrinin açılması, məclislər təşkil edilməsi, ehtiyaclı insanlara ərzaq yardımı və sair xeyirxah əməllər xalqımızın adət-ənənələrində mühüm yer tutur. İnsanlar mübarək ayda daha çox xeyir işlər görməyə can atırlar. Amma bir işi görəndə gərək doğru təşkil edəsən. Kortəbii şəkildə icra olunan əməl müsbət nəticə vermir, əksinə qınağa səbəb olur. Necə ki bu dönər paylanması hadisəsi alqış qazanmadı, əksinə qınandı. Dönər paylayan şəxs və ya buna qərar verən şəxs, kimdirsə, xeyirxah əməl etmək istəyib, amma işi düzgün qurmayıb, doğru təşkil etməyib. Bu dönərləri uşaq evlərinə də aparıb paylamaq olardı. İftara yaxın zamanda küçədən keçib-gedənlərə təklif, təqdim etmək də olardı. İstəyən alardı, təşəkkür edərdi. Amma bu formada dönər paylamaq təəssüf ki, cəmiyyətdəki nöqsanları üzə çıxarmış oldu. Qidadan ötrü bu cür basabas, qapışma cəmiyyətimizə yaraşmır.
İ.Hüseynli qeyd etdi ki, bu görüntülərin ötürdüyü mesaja dövlət orqanları diqqət etməlidir:
- Bu görüntülər cəmiyyətimizdə sosial ehtiyaclar içində boğulan, bir tikə çörəyə möhtac, sosial-iqtisadi baxımdan acınacaqlı şəraitdə yaşayan insanların olduğunu da göstərir. Bu görüntülər çoxumuzun görmədiyi və ya görmək istəmədiyi gerçəyi göstərir. Biz insanların marketlərin zibil yeşiklərinə atdığı xarab olmuş qida məhsullarını, meyvə-tərəvəzi topladığına da şahid oluruq. Bunlar çox rəzil görüntülərdir. Hesab edirəm ki dövlət orqanlarının bir nömrəli işi bu görüntülərin yaydığı mesajlara diqqət yönəltmək və niyə, nədən belə vəziyyət yaranır sualna cavab tapmalarıdır.