Novruzda unudulan qədim oyunlar və ənənələr yenidən dirçəldilməlidir
İlhamə Qəsəbova: "Novruz meydanlarında saz, güləş və at yarışları yenidən olmalıdır"
Novruz şənliklərinin “razqar” vaxtıdır. Bayrama az qalır. Şəhərlərdə, bölgələrdə Novruz şənlikləri təşkil olunur, amma diqqət çəkən həm də budur ki, icra başçıları və müşayət edənlər sanki komissiya üzvləridir, onlar gəlməmiş, necə deyərlər “çayımızdan içməmiş, çörəyimizdən yeməmiş”, şənlik başlamır, gərək icra başçısı gəlsin, xeyir-dua versin, sonra çal-çağır başlasın.
Sanki bu şənliklər xalq üçün deyil, icra başçıları üçündür. Ola bilər, maliyyə icradan ayrılır və pulu ödəyən də vəsaitin necə xərcləndiyini öz gözləri ilə görmək istəyir. Lakin Novruz kimi müqəddəs bir el şənliyini, milli bayrama “icra başçısı” donu geyindirmək təəssüf doğurmaya bilməz.
Bu barədə “Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu da feysbuk səhifəsində paylaşım edib. Naşir qeyd edir ki, son günlər rayonlarda Novruz bayramı ilə bağlı keçirilən tədbirlərin görüntüləri qarşısına çıxır. Çox vaxt eyni mənzərədir; camaat bir yerə toplanır, rəhbər şəxsləri gözləyir, onlar gələndən sonra tədbir başlayır:
- Amma Novruzun mahiyyəti bu deyil. Hətta sovet dövründə belə Novruz daha çox el bayramı olub. Bu bayram xalqın ruh yüksəkliyinə, birlik hissinə xidmət etməlidir. Novruz sadəcə səhnədə çalıb-oxumaq deyil. Bu bayram yerli icmaların mədəni və mənəvi zənginliyinin nümayişi üçün bir fürsətdir. Rayonların öz mətbəxi, əl işləri, sənətkarlığı, kənd məhsulları, yerli ənənələri var. Bayram məhz bunların təqdim olunduğu bir meydan olmalıdır. Məncə belə tədbirlərə marafon kimi baxmaq lazımdır. Marafonda dövlət yolu hazırlayır, qaydanı qoyur, şəraiti yaradır. Amma hər kəs öz gücü ilə qaçır. Bayram tədbirlərində də dövlət sadəcə meydanı və şəraiti yaratmalıdır. Onun ruhunu isə insanlar, yerli icmalar, sənətkarlar, gənclər və ailələr doldurmalıdır. O zaman bayram doğrudan da bayrama çevrilir.
Ş.Xuduoğlu vurğulayır ki, heç kimlə şəxsi qərəzi yoxdur. Sadəcə:
- Hesab edirəm ki, cəmiyyətin mənəvi və mədəni zənginliyinə xidmət edən yanaşma daha doğrudur. Məsələlərə dostluq və ya şəxsi münasibətlər prizmasından yox, dəyərlər prizmasından baxmaq lazımdır. Yəni prinsip şəxsi münasibətdən üstün olmalıdır. Xalq dövləti ona görə qurur ki, dövlət idarəçiliyi qanun və mədəniyyət üzərində qurulsun. İdarəetmə zorakılıq deyil, mədəniyyətdir. Bunu hələ eramızdan əvvəl Roma imperatoru və filosof Mark Avreli də deyirdi.
Folklorşünas alim İlhamə Qəsəbova “Sherg.az”a açıqlamasında bildirdi ki, Novruz bayramı və eləcə də bayramadək qeyd edilən 4 çərşənbə çox qədim dövrlərdən günümüzə qədər bütün adət-ənənələrini və el-mədəniyyətini, milli dəyərləri qoruyaraq gəlib çatan kompleks bir bayramdır:
- Çox istərdim ki, Novruz bayramında keçmişdə olan ənənələr yenidən canlasın. Məsələn, vaxtilə at yarışları keçirilərdi. Bölgələrdə bunu etmək üçün şərait daha münasib olar. Əgər şərait varsa, məsələn, atların bəzədilməsi, onların rayon boyunca gəzdirilməsi təşkil oluna bilər. Qara zurna və saz Novruz bayramının çox gözəl rəmzlərindəndir və həm də əsas musiqi alətlərindəndir. Bizdə belə bir gözəl deyim də var: “Yaz gəldi, saz gəldi”. Yazın bayramı həm də sazın bayramıdır və saz mütləq meydanda olmalıdır. Keçmişdə kəndlərdə və rayonlarda kəndirbazlar gələr, öz oyunlarını nümayiş etdirərdilər. Bununla yanaşı müxtəlif idman oyunları və hərəkətləri də göstərilirdi. Pəhləvanlarımız meydana çıxar, ağırlıq qaldıranlar öz güclərini nümayiş etdirərdilər. Çox istərdim ki, Novruz bayramında bunlar yenidən bərpa olunsun. Güləşçilər olurdu, “Cəngi” havasının sədaları altında kənddə, eldə, obada tanınan güclü adamlar meydana çıxar və güləşərdilər. Bu oyunlar yenidən icra olunsa, yaxşıdır. Rayonlarda qalanan tonqalların ətrafında isə Novruz bayramının personajları – Kosa və Keçəl, sonralar yaranmış Bahar qızı da iştirak edə bilər.
İ.Qəsəbova bildirdi ki, Bahar qızının gəlişi də təsadüfi deyil. Onun milli geyimdə, milli düşüncəni ifadə edən tərzdə və yazı – baharı simvolizə edən obrazda meydana çıxması çox vacib amillərdən biridir:
- Novruz bayramı ərəfəsində rayonlarda təşkil olunan bu bayram əhval-ruhiyyəsində həmin bölgəyə məxsus, keçmişdə istifadə olunan və bu gün unudulan adətlərin yaşadılmasını çox istərdim. Məsələn, qərb bölgəsində bu gün “qatara yumurta düzmək” ənənəsi, “Aşbiş” oyunları, “xan-vəzir” oyunları da getdikcə unudulur. Çox yaxşı olardı ki, bu oyunlar bərpa olunsun, səhnələşdirilsin, gələn qonaqlar da baxsın, uşaqlar da tamaşa etsin. Və bu ənənə unudulmasın, yaşasın. Yeməklərimizə gəlincə, bayramın hansı bölgədə keçirilməsindən asılı olmayaraq, həmin bölgəyə məxsus və artıq unudulmaqda olan yeməklər bişirilsə, ənənəyə sadiq qalan yeməklər təqdim olunsa, daha gözəl olar. Bölgələrimizdə bəzi yerlərdə saclar qurulsun və xəmir yeməklərimiz, ilk bayram çörəklərimiz bişirilsin. Gözəl bir ənənə də var – qışdan yaza keçirilən çörəklər. İndi çörək bütün fəsillərdə eyni şəkildə istifadə olunur. Amma bizim vaxtımızda, məsələn Qazax bölgəsində qışın “xamralı” çörəyi olurdu. Bayramda isə yuxa salınar, fətir bişirilər, sac mütləq qurular və ilk bərəkət çörəyi hazırlanardı. Bunlar icra olunsa, daha gözəl olar. Uşaqlar üçün də bayram payları hazırlanardı. Biz buna “baca-baca payı” deyirdik, sonra sadəcə bayram payı deyirdik. Bunlar balaca kisələrdə hazırlanıb ehtiyacı olan uşaqlara paylansa, daha gözəl olar.
İ.Qəsəbova bildirdi ki xalqımızın üzərinə düşən əsas vəzifə tarixi əsrlərə dayanan milli adət-ənənələrimizi yaşatmaqdır. Bunun üçünsə el-obanın yaşlı insanlarından, ağbirçək və ağsaqqallardan öyrənmək lazımdır.