Pişiyi olanlar diqqətli olsun: Bu çiçək ev heyvanları üçün ölümcül ola bilər

Evləri bəzəyən bəzi otaq bitkiləri pişiklər üçün ciddi təhlükə yarada bilər. Baytarlar xüsusilə zanbaq çiçəyinin pişiklərdə ağır zəhərlənməyə və böyrək çatışmazlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zanbağın yalnız yarpaqları və ya tozcuqları deyil, hətta vazadakı suyu belə pişiklər üçün həyati təhlükə yarada bilər.

Bildirilir ki, zəhərlənmədən sonrakı ilk 18 saat müdaxilə üçün həlledici dövrdür. Vaxtında müalicə aparılmadıqda toksinlər böyrəklərə ciddi zərər verə, hətta orqan çatışmazlığına səbəb ola bilər. İştahasızlıq, qusma və qəfil halsızlıq əsas əlamətlər sırasındadır.

Mütəxəssislər qeyd edirlər ki, zanbaqdan başqa, lalə, sümbül, aloe vera, kalanxoe və pothos kimi məşhur otaq bitkiləri də pişiklər üçün zəhərli hesab olunur.

Heyvanın təhlükəli bitki ilə təmasda olduğundan şübhələnildiyi halda, ev şəraitində müdaxilə etməyə çalışmaq əvəzinə, onu dərhal baytar həkimə aparmaq tövsiyə edilir.