Telefon və oyunlar məktəbdə və evdə cinayətkar davranışa yol açır
Son dövrlər yeniyetmələr arasında ağır cinayət hadisələrinin artması cəmiyyəti ciddi şəkildə narahat edir. Əgər əvvəllər “qatil” anlayışı daha çox kobud, qorxunc simalı yetkin bir fərdlə assosiasiya olunurdusa, indi həmin obraza gənclərin, də büründüyünü görürük.
Bu gün Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdinin 20 yaşlı müəllimini güllələməsi gündəmini zəbt edən hadisələrdən birinə çevrilib. Qan donduran olay yeniyetmələrin psixikası ilə bağlı ciddi problemlərin olduğunu üzə çıxarır.
Mövzu ilə əlaqədar kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva Sherg.az-a açıqlamasında bildirib ki, uşaqların şiddətə meyl göstərməsinin bir sıra səbəbləri var:
“Texnologiyadan nəzarətsiz və limitsiz istifadə, eləcə də bəzi animasiya filmlərində, şiddət elementlərinin təbliği uşaqlarda psixoloji pozuntuların formalaşmasına səbəb olur. Xüsusilə PUBG və oxşar oyunlarla məşğul olan azyaşlılar silahlı obrazların təsiri altında bir-birlərinə qarşı aqressiv davranışlar sərgiləyirlər. Uşaqların virtual oyun dünyasında bir-birini öldürməsi, silahdan istifadənin adi hal kimi təqdim olunması, zorakılığın normallaşmasına gətirib çıxarır. Xüsusilə həssas inkişaf dövründə olan uşaqlar mərhəmət və empati hisslərini itirməyə başlayırlar”.
Psixoloqun sözlərinə görə, oyunlardan təsirlənən uşaqlarda, vurmaq və öldürmək kimi davranışlar gündəlik davranış modelinə çevrilir:
“Vəziyyət artıq elə bir həddə çatıb ki, yeniyetmələr özlərindən zəif olanlara qarşı zorakılıq göstərməkdən belə çəkinmirlər. Bu məsələdə mühit faktorunun rolu da son dərəcə mühümdür. Bəzi valideynlər iş rejimi və ya digər səbəblər ucbatından uşaqlara nəzarət edə bilmirlər. Müasir dövrdə hər ailədə telefonun olması isə problemi daha da dərinləşdirir. Bəzi valideynlər uşağın başını qatmaq üçün, ona oyuncaq əvəzinə telefon verirlər. Çox vaxt yeniyetmələrin telefonda hansı məzmunlara baxdığı nəzarətdən kənarda qalır”.
N.Quliyeva uşaqların cinayətə meylli olmasının qarşısını almaq üçün bir sıra tövsiyələr verib:
“Oyunlara başı qarışan uşaqlar gecə saatlarına qədər yuxusuz qalırlar. Bu cür rejimdə sağlam psixoloji inkişafdan danışmaq mümkün deyil. Təkcə məktəb psixoloqlarının fəaliyyəti ilə problemi həll etmək mümkünsüzdür. Çünki təhsil ocaqlarında sayca çoxluq təşkil edən şagirdlər üçün bir psixoloq kifayət etmir. Unutmaq olmaz ki, hər şey məktəbdən deyil, ailədən başlayır. Şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirilməli, onlarla psixoloji maarifləndirici söhbətlər aparılmalıdır. Yalnız ailə-məktəb əməkdaşlığı bu cür təhlükəli tendensiyaların qarşısını almağa imkan verə bilər”.
Aybəniz Səfərova