Qadınlar kişilərdən orta hesabla 5 il daha uzun yaşayır

  • Türkiyədə gözlənilən ömür uzunluğu 78,5 ilə yüksəlib

Türkiyə Statistika Qurumu (TÜİK) "Həyat Cədvəlləri, 2023–2025" statistikasını açıqlayıb.

Sherg.az xəbər verir ki, statistikaya əsasən, Türkiyə üzrə doğuş zamanı gözlənilən orta ömür uzunluğu 78,5 il təşkil edib. Bu göstərici 2022-2024-cü illər dövründə 78,1 il idi.

Məlumata görə, kişilər üçün doğuş zamanı gözlənilən ömür uzunluğu 75,9 il, qadınlar üçün isə 81,1 il hesablanıb. Beləliklə, qadınların kişilərdən orta hesabla 5,2 il daha uzun yaşadığı müəyyən olunub.

Araşdırmaya əsasən, 15 yaşı olan şəxslərin orta hesabla qalan ömür müddəti 64,7 il təşkil edir. Bu göstərici kişilərdə 62,1 il, qadınlarda isə 67,3 il olub.

Türkiyə üzrə 50 yaşlı şəxsin orta hesabla daha 31,3 il yaşayacağı proqnozlaşdırılır. Bu müddət kişilər üçün 29 il, qadınlar üçün isə 33,4 il təşkil edir.

Statistikaya görə, 65 yaşlı şəxslərin gözlənilən qalan ömür uzunluğu orta hesabla 18,4 ildir. Bu göstərici kişilərdə 16,7 il, qadınlarda isə 20 il olaraq hesablanıb.

Hesabatda həmçinin qeyd olunur ki, təhsil səviyyəsi yüksəldikcə gözlənilən ömür uzunluğu da artır. Bütün yaş qruplarında aşağı təhsil səviyyəsinə malik şəxslərin orta ömür uzunluğu daha az olduğu, təhsil səviyyəsi artdıqca isə bu göstəricinin yüksəldiyi müəyyən edilib.