Türkiyə zəngin mətbəxi ilə dünyanın ən məşhur kabab ənənələrindən birinə sahibdir. Adana, Şanlıurfa və Qaziantep isə bu mədəniyyətin əsas ünvanları hesab olunur. Hər üç şəhərin kababı bir-birinə bənzəsə də, hazırlanma üsulu, istifadə olunan ət və ədviyyatlar onları fərqləndirir.
Sherg.az xəbər verir ki, Adana kababı ən azı bir yaşlı erkək qoyun ətindən hazırlanır. Ət "zırh" adlanan iri bıçaqla xırdalanır, tərkibinə təxminən 30 faiz quyruq yağı, duz və qırmızı bibər əlavə olunur. Acılı və yağlı dad sevənlər üçün ən ideal seçim hesab edilir.

Urfa kababı isə daha sadə hazırlanır. Zırhla çəkilmiş quzu ətinə yalnız duz qatılır. Acı və güclü ədviyyatlardan istifadə olunmadığı üçün ətin təbii dadı ön plana çıxır.
Qaziantep kababı isə klassik reseptlərdən fərqlənir. Kıyılmış ətə sarımsaq, cəfəri və müxtəlif ədviyyatlar əlavə edilir. Şəhəri digərlərindən fərqləndirən əsas xüsusiyyət isə mövsümə uyğun meyvə və tərəvəzlərin kababla birlikdə hazırlanmasıdır. Yazda yenidünya, payızda heyva kababı, eləcə də məşhur simit kababı bölgənin seçilən ləzzətlərindəndir.

Kabab seçimi isə tamamilə zövqdən asılıdır. Acılı və ətirli dadları sevənlər üçün Adana, sadə və təbii ət ləzzətinə üstünlük verənlər üçün Şanlıurfa, fərqli və yaradıcı dadlar axtaranlar üçün isə Qaziantep ən uyğun marşrut hesab olunur.