Ermənistan belə oyunlarla regional təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdırır -RƏY

Yanvarın 24-də saat 10:00-dan 15:00-a kimi Ermənistanın Tavuş vilayətinin İcevan rayonunun Aknaxbyur qəsəbəsində “Hava hücumu təhlükəsi zamanı əhalinin xəbərdar edilməsi, sığınacağı və təxliyəsi üzrə işlərin təşkili” mövzusunda təlimlər keçiriləcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətindən bildirilib ki, təlim zamanı saat 12:00-da elektrosiqnal işə düşəcək.

Politoloq Aytən Qurbanova "Sherg.az"a deyib ki, Ermənistanın atdığı addımları diqqətlə izlədikdə onun heç də sülhə hazırlaşmadığını aydın şəkildə müşahidə etmək mümkündür:

"Paşinyan hakimiyyəti sadəcə olaraq himayədarlarının dəstəyilə sülhü imitasiya oyununu oynamağa davam edir. Mütəmadi olaraq sərhəddə atəşkəsin pozulması ilə bağlı məlumatlar, sülh müqaviləsi ilə bağlı öhdəliklərin icra edilməməsi və Ermənistanın davamlı şəkildə silahlandırılması buna bariz nümunədir. İndiki məqamda təlim adı altında belə bir şounun təşkil olunması da mütləq şəkildə bu nöqteyi-nəzərdən dəyərləndirilməli və növbəti təxribat addımı olaraq istisna edilməməlidir. Eyni zamanda son günlərdə ABŞ-də Trampın ikinci prezidentliyi dönəminin başlanması ilə paralel olaraq sülh danışıqları ilə bağlı nikbin yanaşmaların gündəmə gəlməsi də bu təxribatın arxasında dayanan qüvvələrin “narahatlığını” artırmış ola bilər. Belə olan halda Ermənistan+ qüvvələrin yenidən fəallaşdığını müşahidə etmək heç də təsadüfi deyil".

Politoloq vurğulayıb ki, bu təxribatların digər səbəbi də Qərbin regiona müdaxiləsi üçün zəmin hazırlayacaq şəraitin formalaşdırılması “ehtiyacıdır”:
"Guya ki, Ermənistan üçün “təhdid” var və beləliklə də, onun ərazisində “mülki missiyanın” hərbiləşdirilməsi prosesi legitimləşdirilə bilər. Əslində isə Ermənistan belə oyunlarla regional təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdırır. Ona görə də, real təhlükə olduğu halda Azərbaycanın adekvat və operativ cavab reaksiyası ilə qarşılaşacağı unudulmamalıdır".