Analitik: Paşinyan mövcud durumu çoxdan başa düşüb, sadəcə...

İrəvan “Azərbaycanın tələbi ilə hazırlanmayan”, lakin regional əhəmiyyət daşıyan yeni Konstitusiya layihəsini təklif etməyə hazırlaşır. 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib. 
O bildirib ki, yeni Konstitusiya ilə bağlı təklif etdiyim tezis geniş müzakirə olundu və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Reallıqda “Real Ermənistan” ideologiyası çərçivəsində o, başqa məna daşıyır, baxmayaraq ki, bu şəraitdə mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil. 
 
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Paşinyanın açıqlamasında qəribə və təəccüblü heç nə yoxdur:

“Çünki Ermənistan hakimiyyəti başa düşür ki, konstitusiya dəyişdirilmədən Azərbaycanla və qardaş Türkiyəylə dil tapmaq mümkün deyil. Hər iki dövlətin torpaqlarına qarşı Ermənistan konstitusiyasında iddialar var. Ermənistan həmin iddiaları konstitusiya və özünün gerbi ilə təsdiqləyib. Belə bir şəraitdə Azərbaycan və Türkiyə Ermənistanla normal münasibət qura bilməz. Nikol Paşinyan isə mövcud durumu çoxdan başa düşüb. Sadəcə olaraq Ermənistan ictimai rəyi biraz qəlizdir və bu məsələləri yumşaq şəkildə onlara həzm etdirərək prosesi həll etmək lazımdır. Belə məsələləri birdən-birə həyata keçirmək Ermənistan hakimiyyəti, xüsusilə də Paşinyan üçün problemlərə səbəb ola bilər. Ona görə də sözügedən məsələ illərdir uzanır. 2026-cı ildə Ermənistan konstitusiyasında dəyişikliklərin olması gözlənilir. Azərbaycan isə həmin əngəllər aradan qalxdıqdan sonra Ermənistanla sülh masasına oturacaq. Eyni zamanda Türkiyə və Ermənistan münasibətləri normal məcraya yüksələcək”.