İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır -AKTUAL

Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir

"Ermənistan həmişəki ampluasındadır. Bu ölkə eyni vaxtda həm sülhdən danışır, həm də silahları işə salır, sərhədlərimizdə təxribatlar törədir, yeni hərbi eskalasiyaya rəvac verir". 

Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

 Siyasi şərhçi bildirib ki, sülh sazişinin mətni üzərində danışıqların başa çatdığının elan edilməsindən sonra atəşkəsin pozulması halları İrəvanın sülh bəyanatlarının səmimi olmadığını göstərir: 
"Bu cür sülh siyasəti olmur. Sülh istəyən ölkə silahların "dil"i ilə danışmaz. Real sülhün bərqərar olması üçün Ermənistan hakimiyyəti çevik siyasət yürütməli və ilk növbədə rəsmi Bakının tələblərinin yerinə yetirilməsi istiqamətində vaxt itirmədən hərəkətə keçməlidir. Ermənistan yalnız bu addımları atmaqla özünün gerçək sülh tərəfdarı olduğunu sübut edə bilər. Bu addımların atılması həmçinin Ermənistan ictimai rəyinin sülhə fokuslandırılması baxımından da əhəmiyyətlidir. Lakin çox təəssüf ki, Paşinyanın siyasi iradəsizliyi bu addımların atılmasını ləngidir. Daxili auditoriyanın sülh prosesinə təpki göstərəcəyindən ehtiyatlanan Paşinyan ənənəvi təxribat üsullarına əl atır".

Ekspert vurğulayıb ki, Ermənistanın təxribat törətməsi, mövqelərimizi atəşə tutması heç şübhəsiz ki, sülh prosesini ləngitmək, vaxt qazanmaq məqsədinə xidmət edir:
 "Görünən budur ki, İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır. Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir. Lakin Paşinyan unudur ki, bu cür klassik təxribat addımları bir qayda olaraq Ermənistan üçün həmişə acınacaqlı nəticələrlə bitir. Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır. Ermənistanın sərhəddə təxribatlar törətməsi reallıq hissini itirməyin göstəricisidir".