Politoloq: Türkiyə-Ermənistan yaxınlaşır, ancaq Ankara Bakısız addım atmır

Elxan Şahinoğlu: “Paşinyanı çətin aylar gözləyir, çıxış yolu Bakı və Ankara ilə dialoqdur” 


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var. Günün axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri ilə görüşü baş tutub. Nikol Paşinyan İstanbulda həmçinin yerli erməni icmasının nümayəndələri ilə də görüşəcəyini deyib. 

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başlayıb. Ekspertin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir:
 "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl İlham Əliyevi ölkəsinə dəvət edərək Kahramanmaraşda “Azərbaycan məhəlləsinin” açılışında birgə iştirak etdi. Fikrimcə, Ərdoğanın əvvəlcə dövlət başçısı İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib. Ərdoğan əvvəlcə Prezident İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Nikol Paşinyanla görüşüb müzakirə aparacağına baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq. Yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin. Buna baxmayaraq, Ərdoğanın açıqlamalarından hiss olunur ki, o, Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir. Çünki bölgədə hadisələr sürətlə inkişaf edir, Rusiya və İranın başları müharibələrə qarışıb". 

Analitik hesab edir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı:
 "Ərdoğan bu fikri Nikol Paşinyanın diqqətinə çatdıracaq. Digər tərəfdən Nikol Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib. Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələlərin həlli onun xeyrinə olardı. Əslində, Türkiyə diplomatlarının Ankarada üçlü görüşün keçirilməsi barədə planları olub, ancaq bu dəfə alınmayıb. Nikol Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçlü formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın? Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmadı. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir".