Paşinyan Sarkisyan və Koçaryanın parlamentdəki səsini silir -Politoloq

Müxalifət təmizlənir, sülhə yol açılır
Ermənistanda hökumətlə kilsə arasında yaşanan qarşıdurma müxalif siyasi partiyalara da sıçrayıb. Qatı millətçi Daşnaksütyun Partiyasında həbslər başlayıb. Partiyadan olan deputat İşxan Saqatelyanın verdiyi məlumata görə, Daşnaksütyunun bəzi nümayəndələrinin evlərində axtarışlar aparılır, partiyanın İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyan isə saxlanılıb. O cümlədən, “Ermənistan” müxalifət fraksiyasının deputatı Qeqam Manukyanın və Daşnaksütyun ali orqanının aparat rəhbəri Vaaqn Matinyanın evində axtarışlar aparılır. Manukyan mediaya bildirib ki, axtarışlar onun fəaliyyəti ilə deyil, oğlunun işi ilə bağlı olub, lakin təfərrüatları açıqlamayıb. Sonradan məlum olub ki, Manukyanın oğlu Taron saxlanılıb. İyulun 9-da “Ermənistan” fraksiyasının digər deputatı Artur Sarkisyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. "Ermənistan" fraksiyasının rəhbəri Seyran Ohanyan və katib Artsvik Minasyana qarşı da cinayət işi başlanıb. 
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Ermənistan baş naziri revanşist və agent müxalifəti parlamentdən və siyasi səhnədən uzaqlaşdırır. Analitik vurğulayıb ki, Paşinyan həm kilsəni, həm də müxalifəti seçkiqabağı zəiflətmək kursu həyata keçirir:
 "Gələn ilin iyununda keçiriləcək seçkilərdə R.Koçaryanın və S.Sarkisyanın partiyalarının parlamentdə təmsil olunmasına imkan verilməyəcək. Paşinyan yeni müxalifətlə parlament seçkilərinə gedəcək. Ona hazırkı parlamentin tərkibi problem yaradır. S.Sarkisyan və R.Koçaryanın partiyalarını parlamentə buraxmamaqla, onların siyasi fəaliyyətini daraldacaq. N.Paşinyan da bilir ki, revanşist müxalifəti növbəti dəfə parlamentə buraxmaq özünün strateji səhvi olar. Seçkilərdən sonra Konustitusiya referendumu keçirib, yeni parlamentlə ölkəsində "beşinci respublika" elan edəcək. Yeni parlament tərkibində separatçılara yer verilməyəcək. Yeni parlamentdə Azərbaycanla sülh müqaviləsinin ratifikasiyası problemsiz olacaq. Həmçinin Zəngəzur dəhlizinin açılmasına qarşı təzyiqlər ortadan qalxacaq".