Onun yaratdığı ideoloji axını və tərəfdar şəbəkəsini yox etmək mümkün deyil
“Əksinə, bu addım cəmiyyətdə radikallaşmanı artıra və hökumətə qarşı etiraz dalğasını gücləndirə bilər. Bu proses Gürcüstan dövlətçiliyi üçün mənfi nəticələr doğuracaq”
Hakim “Gürcü Arzusu” Partiyasının sabiq prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının qadağan olunması barədə iddiası Gürcüstan Konstitusiya Məhkəməsinin saytında dərc olunub.
Bu, iddianın məhkəmə tərəfindən rəsmi olaraq qeydiyyata alınması deməkdir.
İddianı parlamentin 88 deputatı təqdim edib. Sənəddə Saakaşvilinin partiyası da daxil olmaqla üç müxalif siyasi qüvvənin Konstitusiyaya zidd elan edilməsi və qadağan olunması tələbi yer alıb.
Qanuna əsasən, Konstitusiya Məhkəməsi qeydiyyat tarixindən etibarən 9 ay ərzində iddianı araşdırmalıdır.
Parlamentin spikeri Şalva Papuaşvili oktyabrın 28-də bildirib ki, hakim partiya ölkədəki dörd əsas müxalifət partiyasından üçünün - Vahid Milli Hərəkat, “Dəyişikliklər uğrunda Koalisiya” və “Güclü Gürcüstan”ın Konstitusiyaya zidd elan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, “Gürcü Arzusu” ayrı-ayrı müxalif siyasətçilərin qadağan olunmasını tələb etməyəcək.
İddianın “hüquqi əsas”ı parlamentin İstintaq Komitəsinin araşdırmasının nəticələri olub. Komitə iddia edib ki, Saakaşvili dövründə (2004–2012) insan haqları kütləvi şəkildə və sistemli olaraq pozulub. Bundan başqa, qeyd olunub ki, 2012-ci ildə hakimiyyətə “Gürcü Arzusu”nun gəlməsindən sonra “Saakaşvilinin partiyası artıq müxalifət kimi dövlətə qarşı dağıdıcı fəaliyyətini” davam etdirib.
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Vahid Milli Hərəkat Partiyasının qadağan olunması Gürcüstandakı ictimai-siyasi proseslərə ciddi mənfi təsir göstərəcək. Onun sözlərinə görə, bu addım ölkədə mövcud olan siyasi balansı pozmaqla yanaşı, müxalifətin birliyinə və siyasi rəqabət mühitinə zərbə vurmağa yönəlib:
“Əslində bu iddia Gürcüstan hökumətinin müxalif qüvvələri parçalamaq və cəmiyyətdəki narazılığı nəzarət altına almaq məqsədi daşıyır. Onsuz da Gürcüstan hökumətinin Qərb institutları ilə münasibətlərində gərginlik var idi. Belə bir qərar bu münasibətləri daha da pisləşdirə və Gürcüstanla Qərb arasında yeni diplomatik böhranın yaranmasına səbəb ola bilər”.
Siyasi ekspert qeyd edib ki, Qərbdə sabiq Prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasına qarşı kifayət qədər simpatiya və siyasi dəstək mövcuddur:
“Qərb dövlətləri bu partiyanı Gürcüstanda demokratik dəyərlərin daşıyıcısı kimi qəbul edir. Lakin “Gürcü Arzusu” Partiyası hazırkı siyasəti ilə ölkədəki ictimai-siyasi sferaya birbaşa təsir göstərir, cəmiyyətin etiraz səsini boğmağa çalışır. Bu isə həm demokratiyaya, həm də Gürcüstanın Avroatlantik inteqrasiyasına zərbədir”.
M.Əsədullazadə hesab edir ki, Vahid Milli Hərəkat Partiyasının formal olaraq qadağan edilməsi onun ideoloji xəttini, liderlərini və sosial dayaqlarını aradan qaldırmayacaq:
“Siyasi təşkilatı ləğv etmək asandır, amma onun yaratdığı ideoloji axını və tərəfdar şəbəkəsini yox etmək mümkün deyil. Əksinə, bu addım cəmiyyətdə radikallaşmanı artıra və hökumətə qarşı etiraz dalğasını gücləndirə bilər. Bu proses Gürcüstan dövlətçiliyi üçün mənfi nəticələr doğuracaq. Siyasi rəqabətin sıradan çıxarılması, müxalifətin təzyiq altına alınması ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq. Gürcüstan demokratiyanın dayaqlarını zəiflədərək avtoritar idarəçiliyə doğru yön alır. Bu isə nə Gürcüstan xalqının, nə də onun strateji tərəfdaşlarının maraqlarına uyğundur”.
Şəymən Bayramova