Ermənistan müxalifəti siyasi müqavimətin yeni mərhələsinin başladığını elan edib

Ermənistan Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı qərarı mübarizənin sonu deyil, yeni, daha institusional və genişmiqyaslı siyasi müqavimət mərhələsinin başlanğıcıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistandakı beş müxalif siyasi qüvvənin birgə bəyanatında bildirilib.

"Konstitusiya Məhkəməsinin bu qərarı mübarizənin sonu deyil, yeni, daha sistemli, institusional və genişmiqyaslı siyasi müqavimət mərhələsinin başlanğıcıdır. Yuxarıda qeyd olunan məqamlarla bağlı müxalifət siyasi qüvvələrinin görəcəyi tədbirlər barədə müzakirələr davam edir", - deyə Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan", Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan", Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" və "Milli Demokrat Qütb" müxalifət blokları adından verilən bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, Konstitusiya Məhkəməsinin belə bir qərarı yenidən yaranan hökumətin legitimliyi məsələsini həll etmir və seçki saxtakarlığını, seçki prosesinin geniş yayılmış pozuntularını aradan qaldırmır, ölkədəki dərin siyasi və hüquqi böhranı həll etmir.